Azərbaycanlı hakim Misirə getdi: yarımfinal oyununu idarə edəcək
31 avqust 2019 14:12 (UTC +04:00)

Azərbaycanlı hakim Misirə getdi: yarımfinal oyununu idarə edəcək

Premyer Liqanın III turunda oynanılacaq görüşlərin təyinatlarında qəfil dəyişikliklər səbəbsiz deyil. 
 
Lent.az futbol.info-ya istinadla xəbər verir ki, AFFA Hakim və Hakim-İnspektorlar Komitəsinin qərarlarına əsasən “Qəbələ” – “Keşlə” görüşündə Əliyar Ağayev, Zeynal Zeynalov və Akif Əmirəlini müvafiq olaraq, Rəhim Həsənov, Namiq Hüseynov və Cəmil Quliyev əvəz edib.
 
Yalnız FIFA referisi əvəzlənsəydi, bunu onun zədələnməsi və ya başqa səbəblə əlaqələndirmək olardı. Amma Əliyar Ağayevin başçılıq etdiyi briqada geri çağırılıb. Deməli, bunun üçün daha ciddi əsas var.
 
AFFA qərarın səbəbini açıqlamağa tələsmir. Klublara isə Əliyarın xaricə getməsi üzündən Rəhim Həsənovla əvəzləndiyi barədə məlumat verilib. Yaxın günlərdə beynəlxalq oyun yoxdu, həm millilərin matçları, həm də avrokubok görüşləri daha gec reallaşacaq. Hətta Ağayev hansısa matça təyinat alsa da, buna görə milli çempionatdan kənarlaşdırılması məntiqli görünmür.
 
Ehtimallarımız doğruldu. Bu xəbəri hazırlayarkən AFFA əsl səbəbi açıqladı. Belə ki, Misir Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Misir Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Zamalek” və “İttihad” komandaları arasında keçiriləcək oyunu idarə edəcək.
 
Qarşılaşma sentyabrın 1-də İsmailia şəhərindəki eyniadlı stadionda təşkil olunacaq. Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Oyunun dördüncü hakimi Elçin Məsiyev olacaq.
 
Əldə etdiyimiz məlumata görə, dəvət dünən gecə gəlib və təyinatlardakı dəyişilik bu üzdən qəfil reallaşıb. Əliyar daha öncə Yunanıstan çempionatında da oyun idarə edib və AFFA hakimlərin müxtəlif ölkələrdə təcrübə toplaması üçün mütəmadi addımlar atır. Misir isə bir az riskli yerdi. Bu Afrika ölkəsində tez-tez qalmaqallar yaşanır və yerli federasiya da əcnəbi hakimlərə müraciət edir. Ağayevin işinin öhdəsindən məharətlə gələcəyinə ümid edirik.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502
avatar

Oxşar yazılar