Azərbaycanlı “Mauqli” : “ Mənə sahib çıxan yoxdur” – EKSKLÜZİV - MÜSAHİBƏ
03 iyun 2013 18:42 (UTC +04:00)

Azərbaycanlı “Mauqli” : “ Mənə sahib çıxan yoxdur” – EKSKLÜZİV - MÜSAHİBƏ

Belarusun paytaxtı Minskdə yaşayan əslən azərbaycanlı əlbəyaxa döyüş ustası Zabit Səmədov Lent.az-a müsahibə verib. “Mauqli” ləqəbli 29 yaşlı idmançı mayda nokautla başa vurduğu 2 döyüş, eləcə də ölkəmizdə həyata keçirmək istədiyi planlar barədə danışıb...

 

- Mayın 25-də Rusiyanın paytaxtı Moskvada “Əfsanə” turnirinə qatıldınız. Necə oldu ki, Mərakeş əsilli hollandiyalı Bədr Hari ilə döyüşdən qalib ayrılmağı bacardınız?

 

- Bu rəqiblə 3-cü dəfə görüşürdüm. Əvvəlki 2 döyüşdə Bədr udmuşdu. Güclü rəqibdir, bunu hamı bilir. K-1 üzrə Dünya “Qran-Pri”sində ikiqat finalçı olub. Ona qalib gəlmək mənim üçün çox vacib idi. Döyüşə yaxşı başladım. İlk raundun sonunda Harini nokdauna saldım. İkinci raundda bir az çətinliyim oldu. Amma hər şey nəzarətdə idi. Raundun sonunda Harini nokauta salaraq, qələbə qazandım. 

 

- Turnirə “Əfsanə” adının verilməsi nə ilə əlaqədar idi?

 

- Əslində, bu, yeni təşkilatdır, Rusiyada yaradılıb. Amma döyüşlər K-1 qaydaları ilə keçirilir. “Əfsanə”də iştirak edənlər martda Xorvatiyanın paytaxtı Zaqrebə K-1 turnirinə də gəlmişdilər. Həmin turnirdə də Badrla görüşmüşdüm. O döyüşdən sonra mənə təklif olunmuşdu ki, “Əfsanə”yə qatılım. Təklifi qəbul etdim və mayın 25-də keçirilmiş yarışda Harini yenməyi bacardım.

 

- Ötən ay həm də Avstriyada Heydər Əliyevin 90 illik yubileyi Azərbaycan – Avropa qarşılaşmasında iştirak etdiniz. Polşalı Veslav Kvasnevski ilə döyüşünüz necə keçdi?

 

- Elə bir çətinlik çəkmədən qalib gəldim. Döyüşüm heç 1 dəqiqə çəkmədi. Azərbaycan – Avropa qarşılaşması isə 6:6 hesablı heç-heçə ilə nəticələndi.  

 

- Əvvəllər bir neçə dəfə Bakıda olmusunuz. Azərbaycanda yaşamağı düşünmürsünüz?

 

- Bakıya vətənimi görmək üçün gəlirəm. Sentyabrda da 3-4 gün müddətinə gələcəyəm. Hələ mənə Azərbaycanda iş təklifi olmayıb. Təklif olsa, əlbəttə, öz vətənimdə yaşamaq, idmanla məşğul olmaq istərdim. Yaxşı şərait olsa, gələrəm.

 

- Bu istəyinizi rəsmi səviyyədə çatdırmısınız?

 

3-4 ildir Bakıya gəlib-gedirəm. Hər zaman bu fikrimi demişəm. Amma hələ mənə sahib çıxan olmayıb.

 

- Bəs idman funksionerlərimizdən Sizinlə görüşən olub?

 

- Xeyr, heç kim görüşməyib. Azərbaycanda hamı belə bir istəkdə olduğumu bilir. Amma heç bir rəsmi təklif yoxdu.

 

- Ölkəmizdə K-1 döyüşlərini inkişaf etdirmək üçün hansı işləri görmək niyyətindəsiniz?

 

- Mənim üçün peşəkar və ya həvəskar səviyyələrin fərqi yoxdur. Azərbaycanın K-1 üzrə komandasını yaratmaq və dünyanın hər yerində keçirilən yarışlarda iştirakına çalışmaq fikrim var. Amma bunun üçün dəstək lazımdır. Belarus, Ukrayna və Rusiyada yaşayan həmyerlilərimiz və Azərbaycanda yaşayanlarla birgə vahid komanda formalaşdırmaq olar. Onları irəli çəkərək, xaricdə keçirilən 3-4 səviyyəli yarışa göndərə bilərik. Bunun üçün yaxşı sponsor lazımdır ki, hamı bir araya gəlsin, məşqlər etsin və xaricdəki yarışlarda vətənimizin adını daha da yüksəklərə qaldıraq. Təkcə mən yox, 5-10 idmançı. Nə qədər çox olsaq, o qədər də yaxşı nəticələr göstərərik.

 

- Qarşıdakı planlarınız nədən ibarətdir?

 

- Sentyabrda Bakıda böyük turnir təşkil etməyi planlaşdırırıq. K-1 döyüşlərindən ibarət gecə prezident seçkisində İlham Əliyevə dəstək məqsədi daşıyacaq. Oktyabrın 16-da isə K-1 finalına vəsiqə uğrunda 1/16 final döyüşünə çıxacağam.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2538
avatar

Oxşar yazılar