Moldovanın qadın ağırlıqqaldıranı Kristina Yovuya qarşı xidməti araşdırma başlanılıb. Lent.az-ın “Moldnews”a istinadən verdiyi məlumata görə, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı bir aydır Azərbaycandadır və vətəninə qayıtmaqdan boyun qaçırır.
İş ondadır ki, Yovu Moldovada sərhəd polisinin əməkdaşıdır, praporşikdir. Yovu yanvarın 1-də Bakıya təlim-məşq toplantısına gəlib. Ağırlıqqaldıran bir aydan sonra qayıtmalı olsa da, bu, indiyədək baş verməyib.
Moldova Milli Olimpiya Komitəsinin prezidenti Nikolay Juravski “Moldnews”a bildirib: “Biz bilmək istəyirik ki, Yovu fərarilik edib, yoxsa müvəqqəti gedib, qanuna əməl olunurmu? Belə başa düşdüm ki, yaxın müddətdə qayıtmasa, onun işi ilə İnterpol məşğul olacaq, axtarışa veriləcək”.
Moldova mətbuatının yazdığına əsasən, Yovuya Azərbaycan yığmasında çıxışı qarşılığında sərfəli müqavilə təklif olunub. Moldova Milli Olimpiya Komitəsi isə ağırlıqqaldıranı yığmamızda çıxış etməyə razılıq verəcəyi halda ya 2 il müddətinə diskvalifikasiya etməyi, ya da Azərbaycan tərəfindən keçid üçün kompensasiya təklif edib.
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) icraçı direktoru İsgəndər Əsgərov isə isə Lent.az-a açıqlamasında Kristina Yovunun başqa bir moldovalı ağırlıqqaldıranla birgə Bakıya təlim-məşq toplantısına gəldiyini təsdiqləyib. Əsgərovun sözlərinə görə, Yovu Azərbaycan yığmasının baş məşqçisi Zlatan Vanevi əvvəldən də tanıdığı üçün onun rəhbərliyi altında çalışmaq istəyir. AAAF rəsmisi Moldova Olimpiya Komitəsinin məsələyə qarışmasını isə qabaqdangəlmişlik adlandırıb: “Yovunun Moldovada problemləri var. Ona görə getmək istəmir. Yəqin ki, London olimpiadasında medal qazanması qarşılığında ona vəd olunan mükafat verilməyib. Moldova Olimpiya Komitəsi isə bizi alverə çağırır. Yəni, pul versəniz, idmançımızı satacağıq, verməsəniz, onu cəzalandıracağıq. Görünür, ölkəmizdə idmana göstərilən diqqət və olimpiya mükafatçılarına verilən yüksək mükafatlardan xəbərdar olduqları üçün bizdən pul istəyirlər. Amma Moldova Olimpiya Komitəsinin işə qarışması düzgün deyil”.
Əsgərov Moldova Ağır Atletika Federasiyası ilə danışıqlara başlamalarının mümkünlüyünü də əlavə edib. Bu məqsədlə, o, fevralın 25-də moldovalı həmkarları ilə əlaqə saxlayacağını deyib: “Mən onlardan soruşacağam ki, Moldova Olimpiya Komitəsinin işə qarışmaqda marağı nədir?”
Qeyd edək ki, Kristina Yovu bu günlərdə keçirilmiş Azərbaycan çempionatına Moldova vətəndaşı kimi qatılmaq istəyib. Lakin yarışın baş hakimi Vahid Nəzərov onu və daha iki digər ölkə vətəndaşını çempionata buraxmayıb. O, əcnəbi ölkə vətəndaşlarının yerli birincilikdə iştirakının “İdman haqqında” Qanuna zidd olmasını səbəb göstərib. Qeyd Yovu 2012-ci il London Yay Olimpiya Oyunlarında 53 kq çəki dərəcəsində bürünc medal qazanıb. O, iki hərəkətin cəmində 219 kq ağırlıq qaldırıb. Eyni çəkinin öhdəsindən taypeyli Hsu Şu-Çinq də gəlib. Lakin 21 yaşlı Yovunun çəkisi Hsudan 380 qram ağır olduğundan, gümüş medala sahib ola bilməyib. Qızıl medalı isə qazaxıstanlı Zulfiya Çinşanlo (226 kq) qazanıb.