İyunun 22-də Azərbaycanda ilk dəfə İdman Dırmanması üzrə Dünya kuboku yarışı start götürəcək. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yarış açıq havada, Dövlət Bayraq Meydanında quraşdırılmış 15 metr hündürlüyündə olan dırmanma divarında baş tutacaq.
Dünya Kuboku Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) birgə təşkilatçılığı, eləcə də Gənclər və İdman Nazirliyinin texniki dəstəyi ilə keçiriləcək. 2 gün davam edəcək yarışa dünyanın 11 ölkəsindən 69 idmançı qatılacaq. Dünya Kubokunu izləmək üçün Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) prezidenti Marko Skolaris və onu müşayiət edən nümayəndə heyəti iyunun 20-də ölkəmizə gələcək.
Qeyd edək ki, Dünya Kubokunun yeniyetmə və gənclərin daha sıx toplaşdığı Dənizkənarı Milli Parkda, Dövlət Bayraq Meydanında - insanların sərbəst tamaşa edə bilməsi şəraitində keçirilməsi yarışların hər kəs tərəfindən izlənilməsinə və gələcəkdə bu idman növünün Azərbaycan gəncləri arasında daha da populyarlaşmasına şərait yaradacaq.