Azərbaycanın böyüklərdən ibarət milli komandası 2013-cü ilin ilk yarış gününü 10 medalla başa vurub. Taekvondo Federasiyasından Lent.az-a verilən məlumata görə, Misirin İsgəndəriyyə şəhərində V “Alexandria Open” beynəlxalq turnirinin birinci günü 6 çəki dərəcəsində mübarizəyə qatılan millimiz 4 qızıl, 3 gümüş və 3 bürünc medala sahib olub.
İdmançılarımızdan Samir Cavadlı (58 kq), Fariz Əliyev (68 kq), Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Əzizov finalda 2012-ci il London Yay Olimpiya Oyunlarının ermənistanlı iştirakçısını məğlub edib. Gümüş medallar Hüseyn Mehrəliyevə (68 kq), Surə Fərəcliyə (49 kq) və Günay Ağakişiyevaya (57 kq) nəsib olub. 68 kq çəki dərəcəsinin finalçıları Azərbaycan idmançıları olublar. Bürünc mükafatları isə Vüsal Məmmədov (58 kq), Ramin Abdullayev (80 kq) və Türkanə Tahirli (49 kq) əldə ediblər. Ümumdünya Taekvondo Federasiyasının (WTF) G1 kateqoriyasından olan bu ənənəvi yarışın mükafatçıları beynəlxalq reytinq xallarını da artırıblar.
Bu gün 54, 63, 74, 87 kq çəki dərəcələrində kişilərin yarışı, 46,53 və 62 kq çəkilərdə isə qadın idmançılarımızın çıxışları olacaq. 31 taekvondoçudan ibarət komandamız müxtəlif çəkilərdə bir neçə idmançı ilə mübarizə aparır. Taekvondoçularımız Bakıya fevralın 28-də qayıdacaqlar.