Taekvondo üzrə kişi və qadınlardan ibarət Azərbaycan milli komandası “German Open” turnirində mübarizə aparacaq. Federasiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 8-də Almaniyanın Hamburq şəhərində start götürəcək yarışa 18 idmançımız yollanacaq.
3 gün davam edəcək turnirdə kişilərdən Samir Aydınov (54 kq), Samir Cavadlı (58 kq), Ramik Nəzərov, Səbuhi İsmayılzadə (hər ikisi 63 kq), Hüseyn Mehrəliyev, Fariz Əliyev (hər ikisi 68 kq), İlkin Şahbazov, Elvin Məmmədov (hər ikisi 74 kq), Ramin Əzizov (80 kq), Bayraməli Vəliyev, Fərid Tağızadə (hər ikisi 87 kq), qadınlardan isə Xəyalə Quliyeva (46 kq), Nübar Hacıyeva, Türkanə Tahirli (hər ikisi 49 kq), Aygül Abdullayeva (53 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (62 kq) və Fəridə Əzizova (67 kq) çıxış edəcək. Qarşıdakı yarış mükafatçılara beynəlxalq reytinq xallarını artırmaq imkanı verəcək.
Qeyd edək ki, taekvondoçularımızı “German Open”ə milli komandaların baş məşqçisi Ələkbər İmaməliyev, böyük məşqçi və qadın millimizin baş məşqçisi Gündüz Abdullayev, eləcə də kişilərdən ibarət heyətin böyük məşqçisi Elnur Amanov hazırlayıb. Nümayəndə heyətinə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev rəhbərlik edəcək.