Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq siyahısını açıqlayıb. Lent.az-ın məlumatına görə, 100 ən güclü şahmatçı sırasına Azərbaycanın 4 təmsilçisi də düşüb.
Onların arasında ən yaxşı nəticə Teymur Rəcəbova məxsusdur. Rəcəbov 2793 xalla 4-cü pillədə qalıb. Əvəzində Şəhriyar Məmmədyarov 2766 xalla 9-cu pilləyə yüksəlib. O, ötən siyahıda 10-cu idi. Səhhəti ilə əlaqədar bir müddətdir ki, yarışlara qatılmayan Vüqar Həşimov isə 1 pillə geriləyib. O, hazırda 2737 xalla 19-cu pillədədir. Nəhayət, Rauf Məmmədov 16 pillə irəliləyib. Aktivinə əlavə 11 xal yazdıran Məmmədov hazırda 2662 xalla 83-cüdür.
Qeyd edək ki, ilk 3 pillədəki şahmatçıların siyahısında dəyişiklik baş verməyib. Aktivinə 11 xal yazdıran norveçli Maqnus Karlsen 2872 xalla 1-ci, rusiyalı Vladimir Kramnik 2810 xalla 2-ci, aktivinə 7 xal yazdıran ermənistanlı Levon Aronyan 2809 xalla 3-cüdür. İlk “10-luq”da sonrakı pillələrin sahibləri 1 pillə irəliləyiblər. Aktivinə 6 xal yazdıran rusiyalı Sergey Karyakin 2786 xalla 5-cidir. Hazırkı dünya çempionu, hindistanlı Vişvanatan Anand daha 12 xal yığıb və 6-cı pilləyə qalxıb. Bolqarıstanlı Veselin Topalov 2771 xalla 7-ci, 2 xal itirən ABŞ təmsilçisi Hikaru Nakamura 2769 xalla 8-ci, rusiyalı Aleksandr Qrişuk 2764 xalla 10-cudur.