Azərbaycan millisindən növbəti məğlubiyyət
26 mart 2013 22:52 (UTC +04:00)

Azərbaycan millisindən növbəti məğlubiyyət

Futbol üzrə Azərbaycan milli komandası martın 26-da 2014-cü il dünya çempionatının seçmə qrup matçında Portuqaliya yığmasını qəbul edib. Lent.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 2:0.

Qolları 63-cü dəqiqədə künc zərbəsindən Brunu Alveş, 79-cu dəqiqədə isə çoxgedişli kombinasiyanın ardından Uqu Almeyda vurub. Komandamız 55-ci dəqiqədən etibarən azlıqda qalıb. Rauf Əliyev ikinci sarı vərəqənin ardından meydandan qovulub. O, ilk sarı vərəqəsini hakimlə mübahisə etdiyi üçün, ikincisini isə rəqibə qarşı kobud oynadığına görə alıb.

Matç Portuqaliya millisinin üstünlüyü şəraitində keçib. Millimizin qapıçısı Kamran Ağayev bir neçə epizodda komandamızı real qoldan xilas edib. Yığmamız isə əks-hücumlara bel bağlayıb. Lakin futbolçularımızın topu ələ keçirdikdən sonra ləngliyi və irəlidə çoxala bilməmələri hücumların kəsərini azaldıb. Birinci hissədə rəqibinə müqavimət göstərməyi bacaran komandamızın gücü ilk qolu buraxdıqdan sonra tükənib. Tribunaları tam dolduran azarkeşlər bu vaxt “İstefa” şüarları qışqırmağa başlayıblar. Tamamilə müdafiədə oturan komandamızı baş məşqçi Berti Foqtsun əvəzləmələri də xilas etməyib. Əksinə, Foqts müdafiəni gücləndirmək üçün Vladimir Levini hücumçu Vüqar Nadirovun əvəzinə meydana buraxdıqdan az sonra Portuqaliya millisi hesabı açıb. Sonradan Pərdis Fərzad-Azad Elvin Məmmədovun əvəzinə oyuna daxil olsa da, bu, yığmamızın hücumlarında effektivlik yaratmayıb. Sona doğru komandamız azacıq fəallaşıb. Lakin komandamızın ifasında heç bir təhlükəli vəziyyət qeydə alınmayıb. Əksinə, ikinci hissədə meydana daxil olmuş Uqu Almeyda 79-cu dəqiqədə fərqi artırıb. Bu qoldan sonra isə azarkeşlərin çoxu stadionu tərk etməyə başlayıb, qalanları isə səbirsizliklə matçın bitməsini gözləyiblər.

Bununla da millimiz cari seçmə tsikldə 6-cı matçında 3-cü məğlubiyyətlə üzləşərək, 3 xalla 5-ci pillədə qalıb. Portuqaliya yığması isə xallarını 11-ə çatdırıb və 2-ci pilləyə qalxıb.

 

# 917
avatar

Oxşar yazılar