Futbol üzrə Azərbaycan milli komandası martın 26-da 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyununu keçirəcək. Lent.az-ın məlumatına görə, millimiz Tofiq Bəhramov adına Respublika stadionunda Portuqaliya yığmasını qəbul edəcək.
Bu, hər iki komandanın F qrupunda 6-cı matçı olacaq. Əvvəlki 5 görüşdən Portuqaliya 8, Azərbaycan isə 3 xal yığa bilib. Hazırda 3-cü pillədə olan pireneylilər 4 oyundan maksimum xala malik qrup lideri Rusiya ilə xal fərqini azaltmaq üçün mütləq qalib gəlməlidirlər. Baş məşqçi Paulu Bentunun komandası daha öncə səfərdə İsrailə məğlubiyyətdən çətinliklə yaxa qurtara bilib – 3:3. Elə yığmamız da Lüksemburqa qalib gələ bilməyib. Martın 22-də keçirilmiş matç qolsuz başa çatıb – 0:0. Hazırda 3 xalla 5-ci pillədə olan komandamız Portuqaliyadan xal almağı bacarsa, 4-cü pilləyə yüksələcək.
Yığmamızın üstünlükləri
Bu, Azərbaycan millisi üçün cari seçmə tsikldə ikinci ev oyunu olacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk qarşılaşmada komandamız İsraillə qollu heç-heçə etməyi bacarıb. Portuqaliya isə son oyununu məhz İsrailə qarşı keçirib və səfərdə Kriştianu Ronaldunun böyük əməyi sayəsində məğlubiyyətdən yaxa qurtarmağı bacarıb. Amma bu dəfə Ronaldu cəzalı duruma düşdüyü üçün oynamayacaq. Luiş Nani isə zədə səbəbindən matçı buraxacaq. Yığmamızda da itki var: Zədəli Vaqif Cavadov heyətdən çıxarılıb.
Baş məşqçi Berti Foqtsun fikrincə, Ronaldu və Naninin oynamaması komandamızın işini asanlaşdırmır, əksinə, çətinləşdirir. Çünki onların yoxluğunda Portuqaliya millisinin bütün futbolçuları özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaq. Lakin Foqts sürpriz edəcəklərinə ümidvar olduğunu bildirib: “İndiyə qədər keçirdiyimiz oyunlarda bəxtsizlikdən və müəyyən səhvlər ucbatından xallar itirməsəydik, hazırda aktivimizdəki xalların sayı çox olardı. Ümid edirəm ki, dünyanın ən güclü yığmalarından biri ilə qarşılaşmada sürpriz edə biləcəyik. Oyuna yaxşı nəticə qazanmaq üçün çıxacağıq. Qalib gəlmək istəyirik və bunun üçün çalışırıq”.
Onun Portuqaliya yığmasındakı həmkarı Paulu Bentu isə Ronaldu və Nanini çox önəmli futbolçu saysa da, iki oyunçudan asılı olmadıqlarını vurğulayıb: “Onları əvəz edə biləcək futbolçularımız var və meydana çıxmağa hazırdırlar”.
Bentu eyni zamanda millimizi yaxşı müdafiə olunan komanda adlandırıb. Baş məşqçinin fikrincə, azarkeş amili də komandamızın xeyrinə olacaq. Amma o, ikiqat motivasiya ilə oynayacaqlarını açıqlayıb.
Baş məşqçilər nə qədər inkar etsələr də, Ronaldunun yoxluğu Portuqaliya üçün ciddi itki sayılmalıdır. Çünki İspaniya “Real Madrid”inin ulduzu meydanda liderlik funksiyalarını layiqincə yerinə yetirə bilir. Məhz onun cəhdləri sayəsində pireneylilər İsraillə əvvəlki qarşılaşmada məğlubiyyətdən yaxa qurtarmağı bacarıblar.
Millimiz əvvəllər də Portuqaliya ilə rəsmi oyunlarda üz-üzə gəlib. 14 il öncə məhz martın 26-da yığmamız səfərdə pireneylilərə 0:7 hesabı ilə uduzub. Gimaraynş şəhərində keçirilmiş matç 2000-ci il Avropa çempionatının seçmə qrup matçına təsadüf edib. Bakıdakı qarşılaşma isə 1999-cu il sentyabrın 3-də keçirilməli olsa da, ilk yarıdan sonra Respublika stadionunda projektorların işləməməsi üzündən ertəsi günə keçirilib. Səhərisi isə gündüz saatlarında baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə nəticələnib. İkinci hissənin əvvəllərində Zaur Tağızadənin vurduğu qolla komandamız hesabda irəlidə olub. Lakin 7-ci uzatma dəqiqəsində Luiş Fiqu bərabərliyi təmin edib.
Növbəti dəfə 2008-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Portuqaliya eyni qrupda yer alıb. Millimiz səfərdə 0:3, evdə 0:2 hesabı ilə uduzub. Nəhayət, ötən il sentyabrın 11-də Portuqaliyada baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib – 3:0. Lakin yığmamız 64-cü dəqiqəyədək qapısının toxunulmazlığını saxlaya bilib.
Cari seçmə tsikldə Portuqaliya da Azərbaycan millisi qədər – 6 top buraxıb. Bu isə rəqibin müdafiəsindəki problemlərdən irəli gəlir. Yalnız millimiz bu komandanı məyus edə bilməyib. Ona görə də Foqts səfərdəki oyundan fərqli olaraq, qorxaq yox, cəsarətli taktika seçməlidir. Millimiz 1999-cu ildə bundan da güclü Portuqaliya üzərində məhz mərkəzi arenada iki günə 3 hissəlik mübarizə nəticəsində qazanılan qələbəyə bərabər heç-heçədən ən azı psixoloji mənada bəhrələnməlidir. Futbolçularımız ələ düşəcək azsaylı fürsətdən maksimum yararlanarsa, görüşü xalla başa vura bilərlər.
Qeyd edək ki, saat 21:00-da başlanacaq oyunu ingiltərəli baş hakim Andre Marriner idarə edəcək. Görüş AzTV və “İdman Azərbaycan” telekanalları vasitəsilə canlı yayımlanacaq.