Azərbaycan milli komandası Litva ilə heç-heçə oynayıb
25 mart 2019 19:52 (UTC +04:00)

Azərbaycan milli komandası Litva ilə heç-heçə oynayıb

 
Futbol üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib. 
 
ONA-nın məlumatına görə, yığmamız 2019-cu ildə ilk dəfə doğma meydanda qüvvəsini sınayıb. Litva ilə görüş həm də komandamızın bu il keçirdiyi ilk yoxlama matçı olub.
 
Ötən ay millinin baş məşqçisi təyin olunan Nikola Yurçeviçin Bakıdakı ilk sınağı “Bakcell Arena”da gerçəkləşib. AVRO-2020-nin seçmə mərhələsinə uğursuz start verən komandamız Xorvatiyada aldığı 1:2 hesablı məğlubiyyətdən sonra daha zəif rəqiblə üz-üzə gəlib. 
 
Avropanın ən zəif yığmalarından olan Baltikyanı ölkə təmsilçisi ilə matçın ilk dəqiqələri kəşfiyyat xarakteri daşıyıb. Lakin dəqiqələr ötdükcə millimiz təşəbbüsü ələ alıb və hücumlar bir-birini əvəzləyib. İlk təhlükəli vəziyyəti isə Riçard Almeyda yaradıb. Milliləşdirilmiş braziliyalı Araz Abdullayevin ötürməsini məntiqi sonluqla bitirə bilməyib. Ardınca Eddi İsrafilov da hesabı açmağa yaxın olub. Lakin o, Təmkin Xəlilzadənin ötürməsini lazımınca dəyərləndirməyib. İsrafilovun zərbəsi qapının üstündən keçib. 
 
32-ci dəqiqədə rəqib Səlahət Ağayevi narahat edib. Amma litvalılar da çərçivəyə düşə bilməyiblər. Komandamız Fyodor Çernıxın hücumunun cavabını Ramil Şeydayevlə verib. Lakin meydana çıxdığı son 4 matçda fərqlənən hücumçumuz da fasiləyə öndə yollanmağımızı təmin etməyib. 
 
İkinci 45 dəqiqə də eyni ssenari üzrə keçib. Millimiz rəqibi müdafiə olunmağa vadar edib. Topa daha çox yiyələnən N. Yurçeviçin yetirmələrinin hesabı açmaq cəhdləri bir-birini əvəz etsə də, sonda ya qeyri-dəqiqlik, ya da litvalıların inamlı oyunu fərqlənməyimizə mane olub. Düzdür, Mahir Mədətov və Ramil Şeydayev bir neçə dəfə uğurlu keçidi və zərbələri ilə diqqət mərkəzinə düşüblər. Amma bu hesabı xeyrimizə dəyişməyə kömək etməyib. Əvəzetmələrin çoxluğu görüşün sonlarının daha sönük keçməsinə səbəb olub. Əks hücumlara bel bağlayan qonaqlar da təhlükəli epizodlar yaratmaqda çətinlik çəkiblər. Nəticədə Əli Babayevin də debüt etdiyi görüş başladığı hesabla da yekunlaşıb - 0:0.  
 
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu iyunun 8-də keçirəcək. Komandamız AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində ilk ev matçında Macarıstanı qəbul edəcək.
 
Yoxlama oyunu
25 mart
18:00. Azərbaycan – Litva - 0:0
Baş hakim: Fesnik Horatiu (Rumıniya)
Bakı. “Bakcell Arena”
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev (8. Emin Mahmudov, 85), 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev (10. Mahir Mədətov, 64), 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov (19. Əli Babayev, 75), 16. Rüfət Dadaşov (9. Namik  Ələskərov, 65), 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda (13. Dmitri Nazarov, 46), 21. Təmkin Xəlilzadə (22. Mirabdulla Abbasov, 88)
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Maqomedaliyev, 3. Şəhriyar Rəhimov, 4. Rahil Məmmədov, 15. Ömər Buludov
Baş məşqçi: Nikola Yurçeviç
Litva: 1. Emilijus Zubas (12. Dziugas Bartkus, 46), 2. Linas Klimaviçius, 3. Marrus Palionis, 8. Egidijus Vaitkunas (4. Vytautas Andriuskevicius, 88), 10. Paulius Golubickas (6. Justinas Marazas, 62), 11. Arvydas Novikovas (17. Mantas Kuklys, 82), 14. Vykintas Slivka, 18. Modestas Vorobjovas, 21. Nerijus Valskis (15. Deimantas Petravicius, 46), 22. Fyodor Çernıx (k) (13. Saulius Mikoliunas, 65), 23. Rolandas Baravykas
Ehtiyat oyunçular: 16. Ernestas Setkus, 5. Algis Jankauskas, 9. Donatas Kazlauskas, 20. Rimvydas Sadauskas
Baş məşqçi: Valdas Urbonas
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1127
avatar

Oxşar yazılar