Azərbaycan klubları futbol üzrə Avropa kuboklarına vəsiqə qazanacaqları halda, ev oyunlarını keçirəcəkləri stadionları müəyyənləşdiriblər. Tofiq Bəhramov adına Respublika stadionunun xidmətindən “Qarabağ”, “Qəbələ” və “Bakı” yararlanacaq.
Bu barədə Lent.az-a arenanın direktoru Akif İsmayılov məlumat verib. Onun sözlərinə görə, artıq hər üç klubla rəsmi müqavilə bağlanılıb.
“İnter”in prezidenti Georgi Nikolov “Lent.az-a bildirib ki, əsas arena qismində “Şəfa” stadionunu, ehtiyat arena kimi isə “Dalğa Arena”nı göstəriblər. Eyni addımı “Simurq” da atıb. Bunu klubun mətbuat katibi Rüstəm Allahverdiyev Lent.az-a təsdiqləyib.
AZAL-ın mətbuat katibi Eldəniz Yusifov əsas stadionlarının “AZAL Arena”, ehtiyat variantlarının isə “Dalğa Arena” olacağını bildirib.
“Xəzər Lənkəran”ın icraçı direktoru Höccət Hacıyev Lent.az-a deyib ki, istənilən halda ev oyunlarını Lənkəran şəhər Mərkəzi stadionunda keçirəcəklər.
2012-2013-cü il mövsümündə Avropa Liqasının qrup mərhələsindəki ev oyunları mərkəzi arenada, təsnifat mərhələsindəki görüşlərini isə keçirmiş “Neftçi” bu dəfə fərqli davranıb. Klub indi “Bakcell Arena”nı seçib.
Qitə miqyaslı yarışlara vəsiqə şansları qalan digər klublarımıza gəldikdə, “Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədov Lent.az-a “Bayıl Arena”nı əsas, “Dalğa Arena”nı isə ehtiyat stadion kimi müəyyənləşdirdiklərini söyləyib.
“Rəvan”ın mətbuat katibi Elvin Yaqubov və “Turan”ın vitse-prezidenti Namiq Məstanov isə Lent.az-a hələ ev arenalarını müəyyənləşdirmədiklərini bildiriblər. Onlar son müddət kimi qoyulan fevralın 10-dək seçim edəcəklərini açıqlayıblar.
Qeyd edək ki, Gəncənin “Kəpəz” klubu Avrokuboklara vəsiqə şansını rəsmən itirib.