Azərbaycan idmançıları Şimali Kiprə nazirlik xətti ilə yollanmayıb
17 aprel 2013 15:36 (UTC +04:00)

Azərbaycan idmançıları Şimali Kiprə nazirlik xətti ilə yollanmayıb

Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşada İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin I İdman Oyunları start götürüb. Lent.az-ın yarışın rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk oyunlarda Türkiyə, Əfqanıstan, Pakistan və Qırğızıstanla yanaşı, Azərbaycan da təmsil olunur.

 

Açılış mərasiminə Türkiyənin gənclər və idman naziri Suat Kılıç da qatılıb. O, Şimali Kiprə qarşı embarqolara son qoyulması baxımından turnirin əhəmiyyətini vurğulayıb. Ümumilikdə 513 idmançı, məşqçi və rəsmi şəxsin iştirakı ilə yarışlar tennis, badminton, stolüstü tennis, futzal, şahmat, güləş, üzgüçülük və kross qaçışı növündə təşkil olunacaq. İdmançılar Girne və Lefkoşe şəhərlərində mübarizə aparacaqlar. Lakin Azərbaycanın hansı növlər üzrə təmsil olunduğu məlum deyil.

 

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov yarış təşkilatçılarından heç bir rəsmi dəvət almadıqlarını bildirib. O, idmançılarımızın ayrı-ayrı qeyri-hökumət təşkilatları vasitəsilə yarışa ezam olunduqlarını söyləyib: “Bizim nazirliyin Şimali Kiprdə keçirilən yarışa heç bir aidiyyatı yoxdur. İdmançılarımız bu Oyunlara müxtəlif qeyri-hökumət təşkilatları vasitəsilə ezam olunublar. Turniri keçirənlər iştirakçıların səfər xərclərini öz üzərlərinə götürdüklərindən, iştirak sarıdan problem yaranmayıb”.

 

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin I İdman Oyunları aprelin 20-dək davam edəcək.

# 719
avatar

Oxşar yazılar