Futbol üzrə Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunlarından 2-ni azərbaycanlı hakimlər briqadası idarə edəcək. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 11-də keçiriləcək “Dinamo” (Minsk, Belarus) – “Kruoya” (Litva) matçı dünyanın ən gənc FİFA referisi Əliyar Ağayevə tapşırılıb.
26 yaşlı Ağayevə Vaqif Musayev, Namiq Hüseynov və Vüsal Əliyev yardımçı olacaq.
Digər FİFA referisi Rəhim Həsənov isə “Libertas” (San-Marino) – “Sarayevo” (Bosniya və Herseqovina) matçında fit çalacaq. Onun yardımçıları isə Yaşar Abbasov, Zeynal Zeynalov və Fariz Yusifovdur.