Dünyanın 30-dan artıq ölkəsində 6 dildə nəşr olunan şahmat məhsulları artıq Azərbaycan bazarına da çıxmağa başlayıb. Bu barədə Lent.az-a Rusiyanın ”Convekta” LTD şirkətinin Azərbaycan və Türkiyə təmsilçisi Dimes Hak Alerli məlumat verib. Onun sözlərinə görə, “Convekta” artıq uzun illərdir şahmat məhsullarının istehsalı və satışı ilə məşğul olur: “Məhsullar şahmat tədris proqramları, kitablar, taxtalar, fiqurlar, disklər, qısametrajlı filmlərdir. 2013-cü ildən başlayaraq mən bu şirkətin rəsmi olaraq təmsilçisi kimi fəaliyyət göstərirəm. 6 yaşımdan şahmata bağlıyam. Hesab etdik ki, sovetlər dövründə şahmatın yaxşı inkişaf etdiyi Azərbaycan bazarına da məhsullarımızı çıxaraq. Artıq ilk məhsulumuz - Azərbaycan dilində kitab işıq üzü görüb. “Şahmatı öyrənirəm” adlı kitab + CD 4-7 yaş arasında olan uşaqlar üzün nəzərdə tutulub”.
D. H. Alerli bildirib ki, artıq Türkiyədə bir xeyli şahmat məhsulları – tədris proqramlarını hazırlayıb istifadəçilərin ixtiyarına veriblər: “2015-2016-cı illərdə Azərbaycanda çox ciddi şahmat tədbirləri keçiriləcək. Bunlardan biri 2015-ci ilin sentyabr ayında keçiriləcək dünya kuboku, digəri isə 2016-cı ilin avqust-sentyabr aylarında isə keçiriləcək dünya şahmat olimpiadasıdır. Bu önəmli tədbirlər ərəfəsində Azərbaycan ictimaiyyətinə şahmat məhsullarımızı təqdim edəcəyik. Uşaq bağçası və 1-ci sinif şagirdlərinə xitab edəcək uşaqlar üçün kitab hazırlamışıq. Təməl nə qədər sağlam olsa, bir o qədər də uğurlar əldə etmək də mümkündür. Azərbaycan dünyada şahmat uğurları ilə tanınan bir ölkədir və bu uğurların davam edəcəyinə inanırıq.
”Convekta” LTD şirkətinin təmsilçisi 4-7 yaşında olan uşaqların psixologiyasını nəzərə alıb bir vəsait tərtib etdiklərini qeyd edib: “Vacib olan məlumatların əhəmiyyətini kiçiltməmək şərti ilə uşaqlara şahmat vərdişlərini yeni metodologiya ilə öyrətmək üçün bir məhsul hazırlamışıq. Bu, Azərbaycanda bizim ilk addımımızdır. Son olmayacağını düşünürəm. Biz rus sovet şahmat məktəbinin ən müsbət ənənələrini yaymaq niyyətindəyik. Yeniliyə gəldikdə isə, bizim məhsullarda yanaşma fərqlidir. Ciddi şahmat məlumatlarına xələl gətirmədən uşaqlara yenilikləri öyrədəcəyik. CD-nin içərisində hər biri 15-20 dəqiqəlik 36 dərs var. Ümid edirəm ki, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyası ilə birlikdə ”Convekta” LTD şirkəti olaraq yeni layihələr həyata keçirəcəyik”.
Qeyd edək ki, martın 14-ü saat 15-də kitab və digər çap məhsullarının satışının həyata keçirildiyi “KİTABEVİM.AZ” mağazasında “Şahmatı öyrənirəm” kitabının təqdimat mərasimi keçiriləcək.