“Burada gördüklərim məni çox sevindirdi. “Bakı”nın Avropa futbol reytinqində 7-ci pillə tutan bir klubla əməkdaşlıq etməsi olduqca böyük hadisədir. Bu, bütün ölkə idmanı adına fərəh qazandıran bir addımdır. Bu addımla “Bakı” Avropaya yeni pəncərə açdı”.
Lent.az-ın məlumatına görə, bunu İspaniyanın paytaxtı Madriddə səfərdə olan gənclər və idman naziri Azad Rəhimov “Bakı”nın rəsmi saytına açıqlamasında deyib.
Rəhimov bildirib ki, “Atletiko” ilə əməkdaşlıq ölkəmizin İspaniyada daha çox tanınıb, sevilməsinə səbəb olacaq. Nazir iki klubun dostluğunun idman nəticələri ilə bərabər mədəni və humanitar önəm daşıdığını da sözlərinə əlavə edib: “Şübhə yoxdur ki, İspaniyanın aparıcı klublarından biri ilə əməkdaşlıq etmək idman nəticələri baxımından inkişafa səbəb olacaq. Ancaq Azərbaycanın qazancı tək bu olmayacaq. Bu əməkdaşlıq iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsinə, xalqlarımızın daha da yaxınlaşmasına və, əlbəttə ki, Azərbaycanın Avropanın aparıcı ölkələrindən biri ilə möhkəm əlaqələr qurmasına xidmət edəcək. Hafiz Məmmədov mənə əməkdaşlığın müddəaları barədə ətraflı məlumat verib. Orada bir çox sevindirici məqamlar var. İlk növbədə, futbolumuzu keyfiyyətli bir səviyyəyə qaldırmaq nəzərdə tutulur. Azərbaycanlı uşaqların burada uzunmüddətli təlim alması onların Avropa səviyyəli futbolçu kimi yetişməsini təmin edəcək. İnanıram ki, bir neçə ildən sonra Avropa klublarında azərbaycanlı soyadlarına rast gələn zaman kimsə təəccüblənməyəcək”.