İspaniyanın Kaseres şəhərində sambo üzrə yeniyetmələr və gənclər arasında Avropa çempionatı keçirilib. Lent.az-ın məlumatına görə, Azərbaycan millisi yarışı 1 qızıl, 3 gümüş, 3 bürünc medalla başa vurub.
Qızıl medala yeniyetmələr arasında 56 kq çəki dərəcəsində çıxış edən Fərid Qardaşxanov sahib olub. O, finalda belaruslu Vladislav Burdzu məğlub edib.
Əvəzində daha bir yeniyetmə samboçumuz Natiq Sarıyev (65 kq) və gənclərin yarışında çıxış edən Fuad Məmmədovla (57 kq) Elvin Ağayev (62 kq) finalda müvafiq olaraq, gürcüstanlı Georgi Metreveli, Leri Tsxelidze və Laşa Paraskebaşviliyə uduzaraq, gümüş medalla kifayətləniblər.
Bürünc medallara isə yeniyetmələr arasında Elton Quliyev (60 kq), Etibar Zeynalov (+87 kq), eləcə də gənclərdən Ülvi Xankişiyev (48 kq) layiq görülüb.
Avropa çempionatından sonra komandalar yarış döşəyi üzərində rəqs ediblər. Bu zaman azərbaycanlı samboçular digər idmançılarla birgə Yallı gediblər.