Avroliqa: “Bazel” və “Fənərbağça” tarixi sınaq qarşısında
25 aprel 2013 18:39 (UTC +04:00)

Avroliqa: “Bazel” və “Fənərbağça” tarixi sınaq qarşısında

Bu gecə futbol üzrə Avropa Liqasında ilk yarımfinal matçları keçiriləcək. Lent.az-ın məlumatına görə, İsveçrədə “Bazel” İngiltərənin “Çelsi”, Türkiyədə isə “Fənərbağça” Portuqaliyanın “Benfika” komandasını qəbul edəcək.

 

“Bazel” (İsveçrə) – “Çelsi” (İngiltərə)

Baş hakim: Pavel Kralovets (Çexiya)

 

“Bazel” avrokuboklarda finala adlayan ilk İsveçrə klubu ola bilər. Bunun üçün baş məşqçi Murat Yakının komandası yarımfinalda Çempionlar Liqasının son qalibini üstələməlidir. ¼ finalda “Bazel” ingiltərəlilərlə oyun təcrübəsi qazanıb. İsveçrə təmsilçisi Londonun daha bir komandası “Tottenhem”i penaltilər seriyasında yenərək, mübarizədən kənarlaşdırıb. Digər tərəfdən, bu klub Avropa Liqasının qrup mərhələsi başlayandan bəri evdə heç bir oyunu uduzmayıb və 4 qələbə, 2 heç-heçəyə nail olub.

 

“Çelsi” isə ¼ finalda azarkeşlərinin əsəbləri ilə oynayıb. Rusiya “Rubin”i üzərində 3:1 hesablı ev qələbəsindən sonra londonlular Moskvada uduzublar – 2:3. Məhz səfərdə daha çox qol vurması səbəbindən “zadəganlar” yarımfinala yüksəliblər. Bugünkü matçda baş məşqçi Rafael Benitez Eşli Koul və Qari Kehillin xidmətindən yararlana biləcək. Hər iki müdafiəçi son 2 həftə ərzində zədə üzündən oynamayıb. Əvəzində Oskarın çıxışı sual altındadır. “Çelsi” Avroliqanın qalibi olsa, qitənin hər iki kubokuna ardıcıl yiyələnən ilk klub kimi tarixə düşəcək.

 

“Fənərbağça” (Türkiyə) – “Benfika” (Portuqaliya)

Baş hakim: Milorad Majiç (Serbiya)

 

Bu rəqiblər ¼ final matçlarını oxşar sxem üzrə arxada qoyublar. “Fənərbağça” və “Benfika” ev oyunlarında 2 top fərqi ilə qalib gəliblər, səfərdə isə heç-heçəyə nail olublar – 1:1. Lakin “Fənər” avrokuboklarda ilk dəfə yarımfinal matçına çıxacaq. “Benfika” isə daha təcrübəli komandadır. Lissabonlular bu mövsüm mübarizəyə Çempionlar Liqasında başlayıblar. Avroliqanın “pley-off”una keçiddən sonra “qartallar” 6 matçdan 5-ini qələbə ilə başa vurublar. Bütün yarımfinalçılardan yalnız “Benfika” cari mövsümdə heç bir məğlubiyyətlə üzləşməyib. Ümumilikdə isə rəqib 38 oyundur uduzmur.

 

Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə gecə saat 00:05-də başlanacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 760
avatar

Oxşar yazılar