Tanınmış məşqçi Avram Qrant Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, israilli mütəxəssis paytaxtımıza dünən təşrif buyurub.
“Çelsi”nin sabiq çalışdırıcısının Azərbaycana səfərinin məqsədi açıqlanmır. Bununla belə, Qrantın məskunlaşdığı “Boulevard Hotel”in nümayəndəsi əməkdaşımızla söhbətdə onun burada qaldığını təsdiqləyib. Bildirilib ki, 62 yaşlı məşqçi Bakını sabah tərk edəcək.
Qrantla “Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak görüşüb. Bu barədə polşalı müdafiəçi sosial şəbəkədə paylaşım edib. O, Qrantla çəkdirdiyi şəkli paylaşaraq, təcrübəli mütəxəssisin Bakıda olduğunu bildirib: "Böyük məşqçi ilə böyük görüş".
Qeyd edək ki, əvvəllər İsrail yığması, həmçinin “Makkabi”, “Hapoel”, “Portsmut”, “Vest Hem” və “Partizan” klublarını da çalışdırmış Avram Qrantın son iş yeri bu il ayrıldığı Qana millisi olub.