Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının (FİSA) rəsmi saytı 2012-ci il London Yay Olimpiya Oyunlarında bu növ üzrə yarışların yekunu ilə bağlı yazı dərc edib. Lent.az-ın məlumatına görə, yarışda Azərbaycanı təmsil etmiş Aleksandr Aleksandrov “parlayan ulduz” kimi dəyərləndirilib.
Həmin vaxt cəmi 22 yaşında olmasına baxmayaraq, Aleksandrov finaladək irəliləməyi bacarıb. O, özündən ən azı 7 yaş böyük avarçəkənlərlə birgə həlledici yürüşün iştirakçısı olub. O, 5 rəqibindən 4-dən geri qalsa da, almaniyalı Marsel Hakkeri üstələyə bilib. Aleksandrov 2000 metr məsafəni 7 dəqiqə 9,42 saniyəyə qət edib. Olimpiya çempionu adını yeni zelandiyalı Meyh Drizdeyl qazanıb. O, finişə 6 dəqiqə 57,82 saniyəyə çatıb. Drizdeyldən 1,55 saniyə geri qalan çexiyalı Andrey Sinek gümüş medala sahib olub. 7 dəqiqə 3,28 saniyə göstəriciyə malik böyük britaniyalı Alan Kempbell bürünc medal qazanıb. İsveçli Lassi Karonen isə 7 dəqiqə 4,04 saniyə nəticə ilə 4-cü yeri tutub.
FİSA-nın rəsmi saytı qeyd edir ki, digər həlledici yürüş iştirakçıları kimi, Aleksandrov da finala layiq olduğunu nümayiş etdirib: “Finala təcrübəli avarçəkənlərlə yanaşı, Azərbaycanın parlayan ulduzu Aleksandr Aleksandrov da vəsiqə qazanmışdı. Bu idmançı olimpiada öncəsi 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionu olmuşdu. Ona görə də tər qalib sayılırdı. Yürüşün ilk 500 metrlik bölümündə əsl döyüş gedirdi. Lakin yolun yarısında Drizdeyl və Sinek önə çıxdı, bürünc medal uğrunda isə Kempbell, Karonen və Aleksandrov mübarizə aparmağa başladı. Yekunda Drizdeyl növbəti olimpiya çempionu oldu. Karonen isə ikinci yer uğrunda mübarizədə Kempbelli üstələdi”.
Yazıda o da bildirilir ki, 2009-cu ildən etibarən məşqçi Billi Barri “Böyük 8-lik” formalaşdırır. Bu dəfə onun siyahısına Aleksandrov da düşüb.
Qeyd edək ki, 2012-ci il London Yay Olimpiya Oyunlarında 1 nəfərlik qayıqla 33 akademik avarçəkən mübarizə aparıb. İlk dəfə qatıldığı olimpiadada bu qədər avarçəkən arasında 5-ci yeri tutmuş Aleksandr Aleksandrov böyük potensiala malik idmançı kimi dəyərləndirilib.