Arda Turan: “Bu, bir türk olaraq, mənim üçün də qürurvericidir”
29 aprel 2013 20:17 (UTC +04:00)

Arda Turan: “Bu, bir türk olaraq, mənim üçün də qürurvericidir”

Arda Turan: “Bu, bir türk olaraq, mənim üçün də qürurvericidir”

Bakıda səfərdə olan İspaniyanın “Atletiko” klubu azərbaycanlı azarkeşlər önünə çıxıb. Lent.az-ın məlumatına görə, qonaqları çoxsaylı azarkeş və jurnalistlər qarşılayıb.

Onlar daha çox “Atletiko”nun türkiyəli legioneri Arda Turana maraq göstəriblər. Ardanın özü də komandadan ayrıca gəlib və dərhal azarkeşlərin əhatəsinə düşüb. Komanda üzvləri açıq məşqə yollandıqları vaxt isə o, baş məşqçi Dieqo Simeone ilə birgə mətbuat konfransına gəlib. Jurnalistlərlə görüşə “Bakı”nın icraçı direktoru Yaşar Seyidov və idman direktoru Novruz Əzimov da qatılıb.

Seyidov qonaqları salamlayaraq, bildirib ki, səfər “Bakı”nın prezidenti Hafiz Məmmədovun rəhbərliyi altında “Atletiko” ilə əməkdaşlıq müqaviləsi çərçivəsində baş tutub. Simeone isə bildirib ki, aprelin 30-da “Bakı” ilə keçirəcəkləri oyun dostluq şəraitində baş tutacaq: “İnanıram ki, azarkeşlər həmişə televiziya vasitəsilə izlədikləri futbolçuları yaxından görərək, əsl şouya tamaşa edəcəklər”.

O, sabahkı matçda qələbə üçün meydana çıxacaqlarını açıqlayıb: “Bu, hər şeydən əvvəl bir oyundur. Həmişəki kimi qələbə qazanmaq istərdik. Oyunçularımız da bunun üçün gəliblər. Nəticədən asılı olmayaraq, azarkeşlərin maraqlı oyun izləyəcəklərinə inanıram”.

Argentinalı mütəxəssis türkiyəli yarımmüdafiəçiyə diqqətin “Atletiko”da aparıcı futbolçulardan olması və Azərbaycanda çox sevilməsindən irəli gəldiyini vurğulayıb.

Arda isə Bakıda olduğu üçün özünü çox xoşbəxt hiss etdiyini deyib: “Biz bir millət, iki dövlətik. Özümü hər zaman bura məxsus saymışam. Azərbaycan mədəniyyətini bu qədər gözəl formada dünyaya tanıtdığınız üçün minnətdaram”.

Məşhur futbolçu “Atletiko”nun formasında yerləşdirilən “Land of fire Azerbaijan” reklamının çox fərqli əhəmiyyətə malik olduğunu söyləyib. Onun fikrincə, Azərbaycanın adının məşhur klubun formasında əks etdirilməsi özü üçün də bir türk olaraq, qürurvericidir”.

Əvvəllər “Qalatasaray”da çıxış etmiş Arda “Fənərbağça”nın Avropa Liqasında finala çıxacağına inam ifadə edib: “Mən də “Fənər”in uğur qazanmasını çox istəyirəm”.

Futbolçu zədə səbəbindən son oyunları buraxıb. O, “Bakı”ya qarşı oynayıb-oynamayacağı barədə bunları deyib: “Hələ bu, bilinmir. Ümidvaram ki, oynaya biləcəyəm”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Bakı” – “Atletiko” matçı saat 20:00-da başlanacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1573
avatar

Oxşar yazılar