Futbol üzrə Rusiya milli komandasının sabiq kapitanı Andrey Arşavin “Zenit”ə qayıdıb. Lent.az-ın məlumatına görə, 32 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanacaq.
Sonradan anlaşma daha 1 il uzadıla bilər. Arşavinin “Zenit”dəki əmək haqqı “Arsenal”la müqayisədə 2 dəfə az olacaq. Onun İngiltərə “Arsenal”ı ilə anlaşması iyulun 1-də yekunlaşacaq. İngiltərə klubu təcrübəli hücumçu ilə yeni müqavilə imzalamayıb. Bu zaman futbolçunun hətta Azərbaycan klublarından birinə keçəcəyinə dair xəbərlər yayılıb. Lakin sonda “Zenit”in baş məşqçisi Luçano Spaletti Arşavinin dönüşünə razılıq verib. Bu, forvardla klubun baş sponsoru “Qazprom”un rəhbəri Aleksey Miller arasındakı görüşdən sonra mümkün olub.
Qeyd edək ki, Andrey Arşavin 1999 – 2009-cu illərdə də “Zenit”də çıxış edib. O, “Arsenal”a 15 milyon funt sterlinqə keçib. Lakin 2011-2012-ci il mövsümünün sonlarında Arşavin icarə əsasında “Zenit”in formasını geyinib.