Azərbaycan Cüdo Federasiyası nəzdində Məşqçilər Şurası yaradılıb. Lent.az-ın məlumatına görə, milli komandamızın yeni baş məşqçisi Peter Zayzenbaherin rəhbərlik etdiyi Şurada 10 mütəxəssis yer alıb.
Onlar böyüklər, gənclər, yeniyetmələr və qadın cüdoçuların, eləcə də bölgələr və klublarda bu idman növünü seçənlərin hazırlığına nəzarət edirlər. Şura üzvlərindən biri millimizin sabiq baş məşqçisi Ağayar Axundzadədir. Axundzadə Lent.az-a açıqlamasında artıq Bakı şəhəri və regionlardan çıxış edən 15 klub aralarında ilk ölkə çempionatı keçirdiklərini bildirib. Yarış nəticəsində dövrə yarışlarına çıxacaq “8-lik” müəyyənləşdirilib. Beləliklə, klublararası Azərbaycan Kubokunda mübarizəni “Kanokan TT”, KANO, “Sərhədçi”, “Attila”, “Lokomotiv”, “Qəbələ”, “Judo 2012” və “Neftçi” davam etdirəcək. Turnirin növbəti mərhələləri 7 dövrədən ibarət olacaq. Sona qalan 4 komanda ən yaxşıları müəyyənləşdirəcək.
Bundan başqa, Axundzadə yığmamızla birgə Gürcüstanın paytaxtı Tiflisə yollanacaq. Fevralın 2-də start götürəcək Avropanın açıq çempionatı millimizin Zayzenbaherin rəhbərliyi altında ilk sınağı olacaq. Axundzadə cüdo qaydalarında edilən dəyişikliklərlə yaxından tanış olmaq üçün səfərə çıxacaq. Yarış iki gün davam edəcək.
Qeyd edək ki, Ağayar Axundzadə 2012-ci il London Yay Olimpiya Oyunlarında 8 cüdoçumuzdan heç birinin medal qazana bilməməsindən sonra yığmamızın baş məşqçi postundan istefaya göndərilib. Onu avstriyalı mütəxəssis Peter Zayzenbaher əvəzləyib.