Topaz Premyer Liqasında 2015/16 mövsümünün ilk yarısında klublara 98200 manat cərimə tətbiq olunub. Apasport.az saytının məlumatına görə, yüksək liqa klublarının ölkə kubokunda da 2200 manat cərimələndiyini nəzərə alsaq, AFFA-nın İntizam Komitəsi 10 ən güclü klubu ümumilikdə 100400 manatlıq cəza tətbiq edib.
İntizam Komitəsi daha çox AFFA-ya yaxınlığı deyilən klublara cəza kəsib. Belə ki, “Kəpəz” hamıdan çox – 18200, “Sumqayıt” isə 17800 manat ziyana düşüb. “İnter”ə də ilk 18 tur baha başa gəlib – 16400.
Əvvəlki illərdə böyük cərimələri ödəməsi ilə diqqət çəkən “Neftçi” və “Xəzər Lənkəran” növbəti pillələrdə yer alıb – müvafiq olaraq, 11800 və 7800 manat.
Premyer Liqaya bu il yüksələn “Zirə” 7600, “Rəvan” isə min manat az ödəyib. AZAL və “Qarabağ” nisbətən az – hərəyə 5000 manatlıq cəriməyə yol verib. Daha intizamlı olan “Qəbələ” isə cəmi 4200 manat ziyana düşüb.