AFFA İntizam Komitəsi Topaz Premyer Liqasının XXV turunda “Neftçi” və “Qarabağ” klubları arasında keçirilmiş oyunla bağlı qərarlarını açıqlayıb. Lent.az-ın məlumatına görə, “Neftçi”yə şok cəzalar tətbiq olunub.
Hər iki klub 4 futbolçusu sarı vərəqə ilə cəzalanması səbəbindən 1000 manat ziyana düşüb. Oyunun 21, 25-ci dəqiqələrində “Qarabağ”, 16, 42 və 72-ci dəqiqələrində “Neftçi” azarkeşləri tərəfindən pirotexniki vasitələr, fişənglərin istifadəsinə və meydançaya atılmasına görə hər iki klub 2000 manat cərimələnib. 44-cü dəqiqədə “Neftçi”nin müdafiəçisi İqor Mitreski sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb.
Oyunun fasiləsi zamanı “Neftçi”nin məşqçisi Bəxtiyar Musayev meydançada hakimlərə qarşı aqressiv jestlərə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub. Mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev AFFA və PFL əməkdaşları haqqında qeyri-etik ifadələr işlətdiyinə görə 10 oyunluq cəzalanıb, klub 20 000 manat cərimələnib.
Matç zamanı və matçdan sonra stadionda təhlükəsizlik təmin olunmadığı üçün meydan sahibi “Neftçi” 5000 manat cərimələnib. Hər iki klub azarkeşləri tərəfindən stadionun oturacaqları sındırıldığı üçün “Bakcell Arena” rəhbərliyinin dəymiş zərərə uyğun olaraq təqdim edəcəyi hesab əsasında ödəmə etməlidirlər. Hakimlərin idarəçiliyinə isə AFFA Hakimlər Komitəsində baxılmalı və İntizam Komitəsinə məlumat verilməlidir.