“Qarabağ” bu günlərdə Bakıya gətirdiyi Dani Kuintana ilə münasibətləri rəsmiləşdirib. Klubdan apasport.az saytına verilən məlumata görə, ispaniyalı hücumçu az öncə müqaviləyə qol çəkib.
28 yaşlı forvard Ağdam təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Lakin bu anlaşma yaydan etibarən qüvvəyə minəcək. Çünki futbolçu azad agent statusu daşısa da, bu mövsüm 2 komandanın formasını geyindiyi üçün yaya qədər “Qarabağ”da oynaya bilməz. Kuintana komandaya uyğunlaşmaq üçün mövsümün sonuna qədər kollektivlə birgə məşqlərdə iştirak edəcək.
Qeyd edək ki, “Valensiya”nın yetirməsi olan Daniel Kuintana Sosa “Qarabağ”a Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubundan gəlib. Futbolçu mövsümün ilk dövrəsində isə Polşa “Yagelloniya”sında çıxış edib.