Hazırda vətəni Bolqarıstanda olan "İnter" klubunun prezidenti Georgi Nikolov komandanın baş məşqçisi Kaxaber Sxadadzenin Gürcüstan millisi ilə müqavilə bağlamasına münasibət bildirib. Lent.az-ın sportnet.az-a istinadən verdiyi məlumata görə, Nikolov Sxadadzenin ondan xəbərsiz klubun fəxri prezidenti və Direktorlar Şurasının sədri Cahangir Hacıyevlə danışıqlar aparmasını və eyni vaxtda iki yerdə işləməyə razılıq almasını düzgün hərəkət saymayıb: "Mən daim Sxadadzeyə dəstək olmuşam. Hətta komandamız üçün ən çətin və yayda daha sərfəli təkliflərin gəldiyi vaxtlarda onu saxlamağa çalışmışam və buna nail olmuşam. İndi isə mənim xəbərim olmadan cənab Hacıyevlə danışıqlar aparması və məni pis vəziyyətdə qoyması, yumşaq desəm, qeyri-centlmen davranışdır. Bəlkə də hazırda xaricdə olduğumdan, birbaşa fikrimi öyrənməyib. Amma elektron poçt və digər vasitələrlə öyrənməsi mümkün idi".
Nikolov bildirib ki, yeni baş məşqçinin axtarışlarına başlayacaqlar və fevral ayından sonra "İnter”i növbəti mövsümdən kimin çalışdıracağı bəlli olacaq: "Təbii ki, biz indi yeni baş məşqçi axtaracağıq. Çox güman ki, fevral ayından sonra bütün səylərimizlə çalışıb çempionat bitənə qədər komandaya avrokuboklarda və növbəti mövsümdə kimin rəhbərlik edəcəyini müəyyənləşdirəcəyik. Biz "İnter”ə layiqli məşqçi tapmalıyıq. Bu bizim üçün çox vacib qərar olacaq. Çünki komandamız illərdir Sxadadzenin rəhbərliyi altında çıxış edirdi. Elə məşqçi tapmalıyıq ki, onun kimi davamlı işləyən və nəticə əldə edən biri olsun”.