Onu dənizə getməyə hazırlaşdığı vaxt yaxaladıq. Lent.az-ın “Məşhur fanatlar”ı üçün. Və dərhal da idmana marağından həvəslə danışmağa başladı. Hətta müsahibədən sonra idmançı olduğu vaxt çəkdirdiyi şəkilləri, qazandığı fəxri fərmanları Lent.az-ın redaksiyasına da gətirdi...
“Atçılıqla da məşğul olmuşam, dağa dırmanma ilə də”
- İdmana həmişə marağım olub. İnsan var ki, idmançı doğulur. Mən qaçış üzrə 4 qat Azərbaycan çempionuyam. 200 metr və 400 metr məsafələrə qaçırdım və heç kimə uduzmurdum. Sprinterəm, stayer deyiləm. Stayer uzun məsafələrə qaçanlara deyirlər. 100 metr məsafəyə qaçış da mənlik deyil. Hər kəsin öz məsafəsi var. Məndə də 200 metr və 400 metr idi. 10 il də üzgüçülüklə məşğul oldum. 100 metr məsafəyə üzmədə birinci olmasam da, mükafatçılar sırasına düşməyi bacardım. Atçılıqla da məşğul olmuşam, dağa dırmanma ilə də. Bununla bağlı klipim də var. Şahmat, ümumiyyətlə, stolüstü oyunlara meyl etməmişəm.
- Niyə?
- Bilirsiniz, xırım-xırda işlər mənlik deyil. Qlobal, böyük işlərə meyl edirəm. İdmanda da bütün bədənin inkişaf etdiyi növləri seçirəm. Mənimki qaçmaqdır. Stolüstü yox, böyük tennis də oynamışam. Hətta 6 ayadək Aygün Kazımova ilə kortda yarışmışam. O da gəlib tennislə məşğul olurdu. Aygün müəllim tutmuşdu, onu öyrədirdi. Mən isə əvvəldən idmanın içində idim. Böyük tennisdən böyük zövq alıram. Çünki kortda ora-bura qaçıram, bütün bədən işləyir. Stolüstü tennisdə isə belə deyil.
“Mən öz möhürümü vurmuşam”
- Elə isə nəyə görə peşəkar idmançı olmadınız?
- Mən peşəkar idmançı olmuşam. Hüsiyeva Cəmilə! Bütün Moskvadan belə hamı məni bu adla çağırırdı. Hüsiyeva mənim qızlıq soyadımdır. O vaxtlar Azərbaycanda qadın idmançı yox idi, bir dənə mən idim.
- Hansı idman növündə?
- Mən öz möhürümü vurmuşam: qaçışla! Arayıb-axtarsanız, arxivdə də var.
- Azərbaycan yığmasına niyə cəlb olunmadınız?
- Qaçış fərdi növdür. Burada yığma komanda necə ola bilər?
“Ərə getdim də...”
- Yəni, yığma üzvü kimi SSRİ çempionatında, Yay Olimpiya oyunlarında iştirak edə bilərdiniz...
- Mən “Məhsul” İdman Cəmiyyətində məşğul olurdum. SSRİ-də 3-cü yeri tutmuşdum. Qafqaz respublikaları arasında keçirilmiş yarışlarda mükafatçılar sırasına düşmüşdüm. Mən 70-ci illərdən danışıram. O vaxtlar Azərbaycanda qızların idmanla məşğul olmasına pis baxırdılar. Hamı atama “Qızını niyə idmana qoymusan?” deyirdi. Amma atam o danışanlara boş verirdi. Mənim barəmdə qəzetlərdə yazılar, efirlərdə süjetlər çıxanda atam fəxr edirdi. Əksinə, “Arzumdur ki, qızım idmanla məşğul olsun” deyirdi.
- Elə isə idmandan niyə getdiniz?
- Ərə getdim də... 18 yaşımda. Tez getdim. Ömrü boyu idmanda oturmalı idik?
- Belə çıxır ki, 18 yaşınızadək 5-6 idman növü ilə məşğul olmusunuz...
- 13 yaşımdan 18 yaşımadək çox idman növü ilə məşğul oldum. Hətta motosiklet idmanı, ralli ilə də. Təsəvvür edin ki, evdə 1 dəqiqə də oturmurdum. Sürət tələb edən hansı növ varsa, onunla məşğul olurdum.
- İdmanla məşğul olmağa əriniz imkan vermədi?
- Ailə qurandan sonra uşaqlar oldu, bu da istər-istəməz təsir göstərdi. Amma yenə də səhərlər yoldaşımla birgə qaçırdıq. İndi də idman edirəm. Bu yaşımda “şpaqat” açıram.
Amma özüm üçün, bədənimin formasını saxlamaq üçün. Böyük idman isə çox ağır işdir. Gündə 2 dəfə məşq edirdik. Məşqdən sonra adamın ürəyi bulanırdı. O vaxtlar çox əziyyət çəkmişəm.
“Aygünlə mən idik də fırlanan”
- İdman yarışlarını izləməyə gedirsiniz?
- Getməsəm də, hamısını evdə izləyirəm. Bütün olimpiadalara televiziya ilə baxıram. Kikboksinqi izləyirəm. Kapoeyra çox xoşuma gəlir. Sağ olsun, Tale Orucov. Azərbaycanda kapoeyranı dünyaya tanıtdı. Atletika yarışlarına baxmağı xoşlayıram. Avropa və dünya çempionatlarını izləyirəm. Demək istəyirəm ki, qeybətcil azərbaycanlı arvadlardan deyiləm.
- Bəs futbola marağınız necədir?
- Super! Kamran Həsənli müğənnilərlə jurnalistlər arasında futbol matçı keçirdi. O oyunda Aygünlə mən idik də fırlanan... Mən müdafiədə durmuşdum ki, qapımıza top girməsin. Aygünə deyirdim ki, sənə nə ötürdülər, vur. Mən onunla rəfiqə olmuşam.
- Birgə yaşayırdınız?
- Xeyr. Mən ərim, ailəm, uşaqlarımla, Aygün də uşağı, bacıları ilə yaşayırdı. Sadəcə, rəfiqə idik də... Bir-birimizə gedib-gəlirdik. O müddətdə Aygünə dedim ki, bir az arıqlasın. Götürüb apardım böyük tennisə. Həmişə deyirdi: “Sənin kimi olsaydım...”. Mən də ona yeməyi azaltmağı və daha çox hərəkət etməyi məsləhət görürdüm.
- Aygün Kazımova həndbolla da məşğul olub...
- Mən onun həndbolla məşğul olmasını görməmişəm. Aygün həndbola məktəb vaxtı gedib.
- Futbolçulardan kiminlə dostluğunuz var?
- Heç kəslə. İndiki Azərbaycan futbolunun dünyada yeri yoxdur. Azarkeşlik etdiklərim Anatoli Banişevski, Maşallah Əhmədov olub. Mən sovet dövründən danışıram. Sizin yadınıza gəlməz.
- Onlardan kiminləsə görüşmüsünüz?
- Yoldaşım Kamil İsgəndərov idmançıların həkimi olduğundan, onların hamısı ilə sıx əlaqədə olmuşam. Yoldaşım idman tədbirlərinə gedirdi, məni də aparırdı. Bütün idmançıları belə də görürdüm, tədbirlərdə də. O cümlədən, Banişevskini. Onun həyat yoldaşını da tanıyıram. Tofiq Əhmədov var idi. Daim kişilər arasında qaçışda birinci yeri tuturdu. Ailəvi dostumuzdur. Bilirsiniz, qadın var ki, daim söz-söhbət içində yaşayır. Qadın da var ki, özünü idmana sərf edir. Mən ikincilərdənəm. İndi də müğənniyəm, oxuyuram. Efirlərdən də izləsəniz, görərsiniz ki, qulağımda yekə sırğa, nə bilim, boğazımda “şaq-şaq” yoxdur. Sadə geyim, konkret saç düzümü...
“İdmançılar “Qarabala” oynayırlar”
- İdmançı toylarında iştirak etmisiniz?
- Müntəzəm dəvət edirlər, oxuyuram. “Qarabala”ya oynayırlar.
- Sizcə, Azərbaycanda hansı idman növü daha populyardır?
- Əvvəldən belə olub, elə də davam edəcək: bizdə güləşi keçən idman növü olmayacaq. Bizim insanlar doğulan gündən təkbətək mübarizəyə üstünlük verirlər. Kapoeyra, güləş, sambo, karatedə Azərbaycan daim öncüllərdən olacaq. Başqa növləri deyə bilmərəm. Basketbol bizlik deyil. Bu növü dünyada “fırladan” daim zəncilər olub. Onlar dünyaya gələndən topla oynayırlar. Futbol Braziliya və Argentinaya aiddir. Güləş kişilərdə Azərbaycan, qadınlarda Yaponiyalıqdır.
- İndiki idmançılarımızdan kimləri tanıyırsınız?
- O gürcüstanlı var e, Belarusda yaşayır... Zabit Səmədov. Mənimlə şəkli də var. Onunla neçə-neçə toyda birgə olmuşuq. Arif və Namiq Abdullayev qardaşları, cüdoçu Zülfiyyə Hüseynova, “tarelkavuran”ımız var e, göydə... Zemfira Meftahəddinova, onlarla yaxınam.
“Azərbaycan çempionu olmuşam, SSRİ miqyaslı yarışlarda medal qazanmışam”
- Sprinter qaçışında Ramil Quliyevin Azərbaycan vətəndaşlığından imtina
edərək, Türkiyə yığmasına keçməsini necə qarşıladınız?
- A kişi, o vaxt məni də aparsaydılar, gedərdim. Harda pul varsa, ora getmək lazımdır. Hökumət o vaxt bizə yalnız yemək verirdi. Özü də talonla. Düzdür, daim bizi yaxşı saxlayıblar. Talon, qalmağa yer, istirahət və məşq imkanlarımız pulsuz olub. Amma hansı ölkə pul verirsə, ora getmək lazımdır.
- Bəs sizə o vaxtlar ev, maşın vermişdilər?
- Yox. Nə ev, nə zad? Yalnız yemək üçün talon verirdilər. Bir də medal qazananda, uzaqbaşı 100-200 manat. Can qoyurdum e...
- Əgər Azərbaycanda şərait varsa, idmançımız niyə Türkiyəyə getməlidir?
- Yəqin, orada daha çox pul verirlər. Amma düzgün eləmirlər. Ən güclü idmançımız nəyə görə xaricə getməlidir? Baxın, Namiq Abdullayev olimpiya çempionu oldu. Dövlətimiz ona 100 min manat pul, ev verdi. Sən get, yarışda birinci yerə çıx, həmişə dəyərləndiriləcək.
- İdmanda aldığınız zövqü sənətdə almısınız?
- Yox. Finişə birinci çataraq, lenti hamıdan əvvəl keçdikdə o hisslər, gözlərimdən gələn yaş, adrenalini hələ səhnədə almamışam. Bayrağımız qalxanda, himn səslənəndə 15-16 yaşım var idi.
- Axı o vaxtlar Azərbaycanın bayrağı qalxmırdı, himni səsləndirilmirdi...
- Lap sovet himni, bayrağı olsun. Əsas məsələ odur ki, hələ Azərbaycan səhnəsində, şou-biznesində o hissləri keçirməmişəm. Aktyor Lüi de Fünes kimi mən də 50 yaşımdan sonra başlayacağam.
- Axırıncı dəfə stadiona futbola baxmağa nə vaxt getmisiniz?
- Yox, stadiona getməmişəm. Utanıram. Tanındığım üçün getmirəm.
- Bəs futbolçularımızın oyununa baxıb utanmayacaqsınız?
- Mən demişəm: Azərbaycan futbolunda heç vaxt nəyəsə nail olunmayacaq. Xaricdən nə qədər oyunçu alırlar-alsınlar, xeyri yoxdur. Futbol ölkəmizdə inkişaf etmir də, etmir! Mümkün deyil. Azərbaycanınkı güləşdir.
- Müğənni kimi “elit-star” adını qazanmısınız. Niyə bəs idmançı kimi ulduz ola bilmədiniz?
- Bilirsiz, o vaxtlar yeganə azərbaycanlı qız idmançı mən idim. Rusca “Qusiyeva Djamilya Qusiyevna” yazılırdı. Ruslar deyirdi ki, bizim idmançıdır, azərbaycanlılar deyirdi ki, bizimdir. O vaxtlar da mən qalmaqalda olmuşam. Deyirdim ki, atamın adı Hüsüdür, soyadım da Hüsiyeva. Amma götürüb sənədlərdə “Qusiyeva” yazırdılar. Mənə elit-star adını 5 dildə danışıb-oxuduğum üçün veriblər. Mədəni, oxumuş, institut bitirmiş, incəsənət xadimi olduğuma görə. Cəmilə toy, palatka, rayon şivəsi ilə danışan müğənni deyil. Amma az deyil də, Azərbaycan çempionu olmuşam, SSRİ miqyaslı yarışlarda medal qazanmışam.
- Amma hər halda olimpiya, dünya və ya Avropa çempionu olmamısınız...
- O vaxtlar SSRİ çempionu olmağın özü elə böyük uğur idi. Hətta Polşa, Yuqoslaviya, Çexoslovakiya kimi sosialist ölkələrinə dava-qırğınla, KQB yoxladıqdan sonra getmək mümkün olardı. Həm də xaricə çıxmaq indiki kimi asan deyildi. Çox nadir hallarda idmançılar və ya müğənnilər gedə bilərdilər, başqa zəmanə idi. O dövr üçün çox böyük işlər görmüşəm. Bu, mənə bəsdir.