Bu gün keçiriləcək kubok oyunlarından sonra Azərbaycan futbolunda rəsmən qış fasiləsi yaranacaq. Apasport.az saytının məlumatına görə, təlim-məşq toplanışının proqramını əvvəlcədən müəyyənləşdirən komandalar artıq transfer fəaliyyətlərinə də başlayıblar.
Təbii ki, qış fasiləsində heyətlərdə ciddi dəyişiklik gözləmək yersizdi. Ən çox maraq doğuran məqam klubların “qara siyahı”larıdı. Bəziləri vaxt itirmədən “təmizlik işləri”nə başlayıblar. Diqqət çəkən amillərdən biri də hələlik gedən futbolçuların hamısının mövsümlərarası fasilədə transfer edilməsidi. Bu isə klubların yay fasiləsini o qədər də səmərəli keçirmədiklərini göstərir.
Bəs, görəsən, yay fasiləsinin ən uğursuz transferləri kimlərdi? Bu məsələni araşdırıb, hər komandada bir oyunçunu seçmək qərarına gəldik.
Vüqar Nadirov
Mövsümün əvvəlində heyətin özəyini qoruyan Ağdam təmsilçisi bir neçə yerli gənclə kifayətləndi. “Qarabağ” həmçinin uzun illər şərəfini qorumuş Vüqar Nadirovu da qaytardı. Lakin onun dönüşü, sadəcə, fiasko oldu. Milli komandamızın sabiq yarımmüdafiəçisi ilk 6 aylıq dönəmi əvəzedicilərə kömək etməklə keçirdi. Ən yaxşı halda, əsas komandanın “18-liy”inə düşən Vüqar ölkədaxili yarışlarda yalnız 1 matçda oynamaq şansı qazandı. Onda da cəmi 20 dəqiqə. Baş məşqçi Qurban Qurbanov hətta ölkə kubokunda I divizion təmsilçisi “Səbail”lə görüşdə də 29 yaşlı oyunçuya ehtiyac duymadı. Düzdü, yayda heyətə cəlb edilən Boyan Şaranov da cəmi 2 oyunda çərçivəni qorudu. Amma serbiyalı, onsuz da, ehtiyat qapıçı kimi gətirilmişdi.
Petar Franyiç
“Qəbələ”nin yay transferlərinin hamısını uğurlu saymaq olardı. Son keçidi reallaşdırmasaydı. Sentyabrın 1-də tələm-tələsik alınan xorvatiyalı yarımmüdafiəçi zədəliləri sığortalamalı və komandanın hücum gücünü artırmalı idi. Di gəl ki, 25 yaşlı oyunçu heç cür özünə heyətdə yer tapa bilmədi. Baş məşqçi Roman Qriqorçuk çempionatda ona cəmi 4 görüşdə şans verdi. Xorvatiyalının sərgilədiyi oyuna baxdıqda, hətta 4 matçın da çox olduğu qənaətinə gəlmək olar.
Pərdis Fərcad-Azad
“İnter”in mövsümlərarası fasilədə anlaşdığı futbolçuların çoxu komandanın əvəzedilməz üzvünə çevrildi. Əlbəttə, kənarda qalanlar da oldu. Onlar arasında isə Pərdis Fərcad-Azad xüsusilə seçildi. Yığmamızın sabiq hücumçusu Rauf Əliyevin zədəli olduğu turlarda start heyətində yer alsa da, meydandakı varlığı ilə yoxluğu bilinmədi. “Bankirlər”in ehtiyat qüvvəsi olan sabiq “Sumqayıt”lı daha çox hücumçulardan biri yorulduğu zaman onu əvəzləyirdi ki, bu da son dəqiqələrə təsadüf edirdi. Hələ də qol hesabını açmaması onun “İnter”də hansı rolu oynadığını ortaya qoyur.
İbrahim Abednejad
“Sumqayıt” qış fasiləsinə 4-cü pillədə yollansa da, yayda transfer edilən futbolçuların çoxunun bunda elə böyük zəhməti olmadı. Əsasən yerli oyunçulara güvənən “gənclik şəhəri” təmsilçisi mövsümlərarası fasilədə İrandan Afşin İsmailzadə və İbrahim Abednejad, Rusiyadan isə Nasir Abilayevi heyətinə cəlb etmişdi. Bu “üçlük” isə onlara bəslənilən ümidləri puç etdi. Abilayevə daha çox zədə mane oldusa, iranlı yarımmüdafiəçilər sadəcə, özlərini göstərə bilmədilər. Nəticədə hər ikisi ilə artıq yollar ayrılıb. Onlar arasında ən uğursuzunu seçməli olsaq, Abednejadın adını qeyd edə bilərik.
Yasin Həmid
“Zirə”nin yay transferlərinin çoxu uğursuz alındı. Məsələn, komandanı gücləndirməsi gözlənilən Cavid Tağıyev, Tural Cəlilov, Murad Səttarlı və Sezar Meza Kolli gedənlərin yerini doldura bilmədilər. “Rəvan”dan alınan cütlükdə ən çox ümid bəslənilən oyunçu Yasin Həmid idi. Məşqçilər korpusu onun “Rəvan”dakı məhsuldarlığını burda da davam etdirəcəyini gözləyirdi. Ukrayna vətəndaşı olan 23 yaşlı hücumçu cəmi 3 qarşılaşmada “Zirə”nin formasını geyinməyə müvəffəq oldu. Həmin 3 oyunun ümumilikdə isə 9 dəqiqəsini meydanda keçirə bildi.
Novruz Məmmədov
“Kəpəz”in yayda aldığı yerli oyunçulardan yalnız Nicat Qurbanov baş məşqçi Şahin Diniyevin gözünə girə bildi. Tural Qürbətov və Vüqar Bəybalayev ümidləri doğrultmadılar. Gənclər millimizin keçmiş futbolçusu Novruz Məmmədovun çıxışı isə daha zəif alındı. Təcrübəli müdafiəçi kimi komandaya gətirilən Məmmədov çempionatda cəmi 1 görüşdə 90 dəqiqə mübarizə apardı. Digər 5 matçın isə son dəqiqələrində yorulan komanda yoldaşını əvəzləməklə kifayətləndi.
Vançe Şikov
“Neftçi”nin yay transferlərinin, demək olar ki, hamısı fiasko ilə nəticələndi. Təsadüfi deyil ki, paytaxt təmsilçisi biabırçı nəticələri sıralayınca, rəhbərlik qış fasiləsi yaranmamış gətirdiklərini bir-bir yola saldı. Bakılılar artıq 5 əcnəbi futbolçu ilə vidalaşıblar. Maraqlısı ondadı ki, həmin oyunçuların hamısı yayda kollektivə qoşulmuşdu. Krşevan Santini, Katalin Tira, Denilson Pereyra və Dario Melnyak komandaya heç nə vermədilər. Onların arasında ən təcrübəli sayılan Vançe Şikov isə digərlərindən də zəif təsir bağışladı. Makedoniya millisinin də üzvü olan 31 yaşlı müdafiəçi “Neftçi”nin heyətində çempionatda cəmi 5 görüşdə oynamaq imkanı qazandı.
Brayn Fok
Autsayder AZAL-ın hansısa üzvünü yaxşı mənada fərqləndirmək olmur. Yalnız qapıçı Aqil Məmmədov oyunlarda bacardığı qədər az qol buraxmağa çalışır. Uğursuzların önündə isə Brayn Fok gəlir. Müdafiə xəttindəki boşluqları aradan qaldırması üçün alınan 22 yaşlı futbolçu heç AZAL səviyyəsində də oyun göstərə bilmədi. Çempionatda cəmi 3 qarşılaşmada iştirak edən Fok bu müddətdə 1 qırmızı vərəqə almağa da macal tapdı. Nəticədə ötən ay “İnter”lə XII tur matçının ardından baş məşqçi Tərlan Əhmədov onunla yollarını ayırdıqlarını bildirdi.