“Barselona” klubu Kataloniyada keçirilən müstəqillik referendumuna dəstək verib.
APA TV-nin məlumatına görə, klubun İdarə Heyətinin bazar ertəsi axşam saatlarında keçirilən fövqəladə toplantısından sonra klub prezidenti Xosep Maria Bartomeu mətbuat konfransı keçirib. O, bəyan edib ki, klub Kataloniyanın yaşadığı gerçəyi dünyaya çatdırmaqda davam edəcək. Oktyabrın 3-də Kataloniyada planlaşdırılan tətilə “Barselona” da qoşulacaq və məşqə çıxmayacaq.
Klub prezidenti İspaniya polisini referendum tərəfdarlarına qarşı zorakılıqda ittiham edib.
La Liqanın 7-ci turunda “Las Palmas”la oyunun azarkeşsiz keçirilməsindən danışan Bartomeu bu addımın siyasi hədəfinin olduğunu deyib:
“Kataloniya polisi oyunun normal şəraitdə keçirilə biləcəyini bildirdi. Təhlükəsizlik baxımından oyunu ləğv etmək üçün heç bir səbəb yox idi. Biz Kataloniyadakı fövqəladə vəziyyətlə əlaqədar oyunun təxirə salınmasını istədik. Amma qəbul edilmədi. Öz növbəmizdə ölkəmizin yaşadıqlarını bütün dünyaya göstərmək üçün qarşılaşmanın azarkeşsiz keçirilməsi qərarına gəldik. Bu, mənim prezident kimi qəbul etdiyim ən çətin qərar idi”.
Kataloniyanın müstəqilliyini elan etməsindən sonra “Barselona”nın La Liqanı tərk etməsi ehtimalına toxunan klub prezidenti bildirib ki, bu məsələ İdarə Heyəti tərəfindən müzakirə olunacaq və sakit şəkildə qərarını verəcək.