Futbol üzrə İspaniya Kubokunun finalında Madrid derbisi baş tutacaq. Lent.az-ın məlumatına görə, “Real Madrid”in ardından “Atletiko” da yarımfinal mərhələsini uğurla dəf edib.
Fevralın 27-də keçirilmiş cavab görüşündə “Atletiko” səfərdə “Sevilya” ilə heç-heçə edib – 2:2. Hesabı 6-cı dəqiqədə qonaqların futbolçusu Dieqo Kosta açıb. 29-cu dəqiqədə Radamel Falkao ikinci qolu vurub. Meydan sahibləri bundan 10 dəqiqə sonra Xesus Navasın qolu ilə fərqi azaldıblar. 90-cı dəqiqədə isə İvan Rakitiç hesabda tarazlıq yaradıb. “Sevilya” görüşü 9 futbolçu ilə başa vurub. 76-cı dəqiqədə Qari Medel, 90-cı dəqiqədə isə Joffri Kondoqbia meydandan qovulub.
“Atletiko” ilk görüşü 2:1 hesablı qələbə ilə başa vurduğu üçün iki oyunun cəmində finala adlayıb. Həlledici qarşılaşma mayın 19-da olacaq.