“Yekun siyahı martın ortalarınadək açıqlanacaq”
25 yanvar 2013 14:11 (UTC +04:00)

“Yekun siyahı martın ortalarınadək açıqlanacaq”

Çingiz Hüseynzadə: “Avropa Oyunları üçün süni avarçəkmə kanalı salına bilər”

 

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarındakı idman növlərinin yekun siyahısı martın ortalarınadək açıqlanacaq. Bu haqda Lent.az-a Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.

 

O bildirib ki, hazırda Avropa Olimpiya Komitəsinin (EOC) yaratdığı İşçi Qrup səviyyəsində müxtəlif beynəlxalq idman federasiyaları ilə danışıqlar gedir: “İndi hansı beynəlxalq federasiyadan razılığın alınıb-alınmadığını deməklə iş bitmir. Çünki yekun qərarı EOC qəbul edəcək”.

 

Hüseynzadə bildirib ki, Avropa Oyunlarında avarçəkmə növləri üzrə yarışların da keçirilməsinə qərar verilsə, Bakıda süni kanal yaradılacaq. Paytaxtımız 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürdüyü vaxt Sifariş Kitabında belə bir kanalın Xocasən gölündə salınacağı qeyd olunmuşdu. Lakin MOK rəsmisi avarçəkmə yarışları üçün idman qurğusunun yenə həmin məkanda salınacağını nə təsdiq, nə də təkzib edib. Onun sözlərinə görə, hər şey yekun qərardan asılı olacaq: “Avarçəkmə növü üzrə də yarışların keçirilməsi qərara alınsa, bunun akademik avarçəkmə, kayak və ya kanoe üzrə olması da göstəriləcək. Akademik avarçəkmə yarışları üçün 2000 metr uzunluğunda kanal lazımdır. Kayak və kanoe üçünsə 1000 metrədək uzunluğunda kanal da kifayət edir. Bununla bağlı bütün məsələlərə EOC-un qərarından sonra aydınlıq gələcək”.

 

Qeyd edək ki, 2015-ci ilin yayında keçiriləcək I Avropa Oyunlarında 20 idman növü üzrə 7000-dək idmançı iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 979
avatar

Oxşar yazılar