“Xəzər Lənkəran” klubu futbol üzrə Topaz Premyer Liqasının XXVIII turunda Bakıda “Neftçi” ilə keçirəcəyi oyuna hazırlığı başa vurub. Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “ağ-yaşıllar” ardıcıl 3 gün Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq ediblər.
Heyətdə Rasim Ramaldanov, Tural Cəlilov və Tyeqo do Jesusun zədəsi olsa da, hər üç futbolçu komanda ilə birgədir. Matç isə martın 29-da saat 17:00-da “Bakcell Arena”da start götürəcək. Bu, iki komanda arasındakı 10 illik rəqabətin tarixində 33-cü qarşılaşma olacaq. 3 dəfə Azərbaycan Kuboku, 1 dəfə Superkubokda görüşən rəqiblər 28 dəfə çempionatda münasibətlərini aydınlaşdırıb.
İndiyədək baş tutan qarşılaşmalar kimin güclü olduğunu müəyyənləşdirməyib. Həm “Xəzər Lənkəran”, həm də “Neftçi” hərəyə 9 dəfə qalib gəlib. “Ağ-yaşıllar”ın qələbələrindən 2-si xüsusi əhəmiyyət kəsb edib. Bunlardan birində Superkuboku başı üzərinə qaldıran “ağ-yaşıllar” ölkə kubokunda da rəqibini mübarizədən kənarlaşdırmağı bacarıb.
14 dəfə isə oyunun qalibi müəyyənləşməyib. Lakin heç-heçənin qeydə alındığı bu görüşlərdən birinin taleyi penaltilər seriyasında həll olunub. Azərbaycan Kubokunun finalında “Neftçi” qalib gəlib.
“Neftçi” ilə 15-ci səfər matçınadək “Xəzər Lənkəran” rəqib meydanında 2 dəfə qalib gəlib və 6 dəfə bərabərliklə kifayətlənib.
Bu 14 oyunda meydan sahibləri 23, qonaqlar 13 qol vurmağı bacarıb. Prinsipial rəqiblər arasındakı matçlarda sonuncu dəfə səfərdə qalib gələn komanda “Xəzər Lənkəran”dır. “Ağ-yaşıllar” 2011-ci il martın 3-də kubokun ¼ finalında meydan sahiblərini 4:3 hesabı ilə məğlub edib.