İranın Təbriz şəhərini təmsil edən “Traktorsazi” komandası futbol üzrə Asiya Çempionlar Liqasının qrup mərhələsində ilk oyununu keçirib. Lent.az-ın məlumatına görə, A qrupunda yer alan Cənubi Azərbaycan komandası Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” komandasını məğlubiyyətə uğradıb – 3:1.
Hesabı 37-ci dəqiqədə Mehdi Salehi açıb. 60-cı dəqiqədə Cavad Kazımiyan “Traktorsazi”nin ikinci qolunu vurub. “Əl-Cəzirə”dən Əli Mabxut 79-cu dəqiqədə fərqlənsə də, cəmi 2 dəqiqə sonra Məsud İbrahimzadə yekun nəticəni müəyyənləşdirib. 83-cü dəqiqədə Məhəmməd İbrahimi ikinci sarı vərəqənin ardından meydandan kənarlaşdırılıb. Lakin Azərbaycan türklərinin qürur mənbəyi sonadək qələbəni əldən verməyib.
Qrupun digər matçında Səudiyyə Ərəbistanının “Əl-Şabab” və Qətərin “Əl-Ceyş” komandaları üz-üzə gələcək. “Traktorsazi” isə növbəti görüşünü martın 12-də səfərdə “Əl-Ceyş”ə qarşı keçirəcək.