Mayın 7-də start götürəcək “Tour d'Azerbaidjan-2014” veloyürüşündə planetin müxtəlif ölkələrini təmsil edən və hər birinin heyətində 6 velosipedçi yer alan 25 komanda iştirak edəcək. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, builki yarışın Beynəlxalq Velosipedçilər Ittifaqının (UCİ) 2.1 kateqoriyasına layiq görülməsi yürüşdə Peşəkar Kontinental komandaların da iştirakına şərait yaradıb.
Azərbaycana gələcək 8 kollektiv – “MTN-Qhubeka” (CAR), “Caja Rural-Seguros RGA” (İspaniya), “Neri Sottoli” (əvvəlki adı “Yellow Fluo” - İtaliya), “Androni Giocattoli” (İtaliya), “Drapac Professional Cycling” (Avstraliya), “Team Novo Nordisk” (ABŞ), “Rusvelo” (Rusiya) və “CCC Polsat-Polkowice” (Polşa) məhz Pro-Kontinental lisenziyalıdır. Adları çəkilən İtaliya komandalarının digər üzvləri mayın 9-da start götürəcək çoxgünlük “Giro d'Italia” yürüşündə, “MTN-Qhubeka” və “Caja Rural-Seguros RGA” isə “Vuelta” yarışında çıxış edəcəklər.
Yarışda iştirak edəcək 16 kontinental komanda isə bunlardır: “Itera-Katusha” (Rusiya), “Continental Team Astana” (Qazaxıstan), “Kolss Cycling Team” (Ukrayna), “Alpha Baltic-Unitymarathons.com” (Latviya), “An Post-Chain Reaction” (Irlandiya), “Team La Pomme Marseille 13” (Fransa), “Adria Mobil” (Sloveniya), “Development Team Giant-Shimano” (İsveç), “China Huasen Cycling Team” (Çin Xalq Respublikası), “Rapha Condor JLT” (Böyük Britaniya), “Leopard Development Team” (Luksemburq), “Gebrüder Weiss-Oberndorfer” (Avstriya), “Torku Sekerspor” (Türkiyə), “Tusnad Cycling Team” (Rumıniya), “Rad-Net Rose Team” (Almaniya) və “Synergy Baku Cycling Project” (Azərbaycan). Bundan başqa, Avstraliyanın milli komandası da “Tour d'Azerbaidjan-2014”də mübarizə aparacaq.
Planetin 22 ölkəsini təmsil edən bu komandaların tərkibində ümumilikdə 150 velosipedçi çıxış edəcək. Yürüş 5 gün davam edəcək.