Rusiyanın “Rubin” klubuna keçidi gündəmdə olan Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov əməliyyat olunacaq. Lent.az-ın məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb.
Xəbərdə bildirilir ki, Abışov cərrahiyyə əməliyyatı səbəbindən yığmamızın yanvarın 29-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində start götürəcək təlim-məşq toplanışına qatılmayacaq. Onun fevralın 1-dək davam edəcək hazırlıq prosesində iştirak etməyəcəyi vurğulanıb. Gələn ayın elə ilk günündə 26 yaşlı müdafiəçinin Özbəkistanla yoxlama oyununu buraxacağı dəqiqdir. Fevralın 6-da isə Abışovun Lixtenşteyn millisi ilə beynəlxalq yoldaşlıq görüşündə iştirak edib-etməyəcəyi məlum deyil. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu bildirib ki, onlara futbolçunun fevralın 1-dək yığmamızla birgə olmayacağı barədə məlumat verilib: “Ruslanın Özbəkistanla qarşılaşmada iştirakına dair hələ bizə bir söz deyilməyib”.
Lent.az-ın əldə etdiyi məlumata görə, Abışov burnundan əməliyyat olunacaq. Əməliyyat “Rubin” klubu tərəfindən Almaniyada aparılacaq.