“Real” İspaniya Kubokunda mübarizədən kənarlaşdırdığı “Barselona” ilə martın 2-də ölkə çempionatı matçında üz-üzə gələcək. Lent.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, “kral klubu”nun baş məşqçisi Joze Mourinyo bu dəfə əsas heyət üzvlərindən yarısını ehtiyatda saxlamağı qərara alıb.
Bunlar müdafiəçi Rafael Varan, yarımmüdafiəçi Xabi Alonso, Anxel Di Mariya, Məsut Özil və hücumçu Qonsalo İquaindir. Əvəzində ilk dəqiqələrdən Pepe, Maykl Essyen, Xose Mariya Kalyexon, Kaka və Kərim Benzema meydana çıxacaq. Fevralın 26-da keçirilmiş ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə “Barselona”ya qarşı oynayanlardan qapıçı Dieqo Lopes, müdafiəçi Alvaro Arbeloa və hücumçu Kriştianu Ronaldu isə yenə forma geyinəcək.
Mourinyo bu addımı “Real Madrid”in “Mançester Yunayted”lə martın 5-də İngiltərədə keçirəcəyi Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşü öncəsi atıb. “Barselona” ilə qarşılaşma isə Madriddəki “Santyaqo Bernabeu” stadionunda olacaq və Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
Qeyd edək ki, İspaniya çempionatında 25 turdan sonra 3-cü pillədə olan “Real Madrid” lider “Barselona”dan 16 xal geri qalır. “Mançester Yunayted”lə ilk görüş isə heç-heçə nəticələnib – 1:1.