Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” və “Qəbələ” futbolçularının passivində olan sarı vərəqələr silinəcək. Apasport.az saytı xəbər verir ki, hər iki təmsilçimiz qrup oyunlarına “sarı”sız çıxacaq.
Reqlamentə əsasən, hər hansı komanda Avroliqanın qrup mərhələsinə vəsiqə qazanırsa, futbolçularının təsnifat və pley-off mərhələsində aldığı vərəqələri hesabdan silinir.
Bu, həm “Qəbələ”, həm də “Qarabağ”lı futbolçuların işinə yarayacaq. Belə ki, hər iki komandanın heyətində passivində 1 və 2 sarı vərəqə olan futbolçular var idi.
“Qəbələ”də Ürfan Abbasov (2), Rikardinyo (2), Aleksey Qay (2), Aleksey Antonov (1), Sergey Zenyov (1), Vitali Vernidub (1) və Vojislav Stankoviç (1) sarı vərəqə cəzalıları idilər. “Qarabağ”da isə Riçard Almeydanın passivində 2, Qara Qarayev, Ansi Aqolli və Reynaldo Silvanın hesabında isə 1 sarı vərəqə var idi.
“Qəbələ”nin müdafiəçisi Ürfan Abbasovun sarı vərəqələri passivindən silinsə də, qırmızı vərəqəyə görə aldığı cəza qüvvədə qalıb.