“Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı
07 avqust 2014 01:34 (UTC +04:00)

“Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı

Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı təmsil edən “Qarabağ” Avstriyanın “Zalsburq” klubu ilə cavab matçını keçirib.

 

Bir həftə əvvəl Bakıda 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri səfər matçında üstünlüyünü qorumağa çalışıb. Bu üzdən də Azərbaycan çempionu Zalsburqda müdafiə futbolu nümayiş etdirib.


42 yaşlı mütəxəssisin müdafiəyə meylli oyun taktikası seçməsində heyətdəki itkilər də rol oynayıb. Topaz Premyer Liqasının ötən mövsümünün ən yaxşı bombardiri Reynaldo və vitse-kapitan Admir Telinin yoxluğunda Ağdam klubu bu taktikanı seçməyə məcbur olub. Lakin Qurbanovun ilk oyundakı üstünlüyü qorumaqla bağlı planları erkən pozulub. Matçın əvvəlində zədələnən İlqar Qurbanov meydanı tərk edib. Bununla da “Qarabağ”ın müdafiə səddi pozulub.

Hesabın açılması da elə bu zədədən az sonraya təsadüf edib. Sonradan isə Maksim Medvedevin də xəsarət alıb əvəzlənməsi arxa xəttə böyük zərbə vurub. Bütün bunlar da “Qarabağ”ın uduzması ilə nəticələnib. 0:2 hesabı ilə uduzan çempionumuz qitənin ən nüfuzlu klub turnirində çıxışını dayandırıb. Matçın qəhrəmanı isə Martin Hinteregger olub.

Təmsilçimizin azsaylı hücumlarının qarşısını bacarıqla alan mərkəz müdafiəçisi həm də hər iki qolun müəllifi olub. Ağdamlıların qapıçısı İbrahim Şehiç də matçın qəhrəmanı adına iddia edə bilər. Belə ki, qolkiper “Qarabağ”ın acınacaqlı hesabla uduzmasına əngəl olub. O, dəfələrlə komandasını qoldan xilas etməyə nail ola bilib.

Bu məğlubiyyətlə “Qarabağ” Avropa Liqasının pley-off mərhələsinə yuvarlanıb. Ağdamlılar qrup mərhələsinə çıxmaq üçün mübarizəni orada davam etdirəcək.

 

Qeyd edək ki, oyunu izləyənlər arasında AFFA rəhbərliyi də olub. Assosiasiyanın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, PFL rəhbəri Ramin Musayev, "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl, millət vəkili Adil Əliyev də tribunadan Azərbaycan çempionunu dəstəkləyib.

 

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

 “Zalsburq” (Avstriya) – “Qarabağ” (Azərbaycan) - 2:0
Qollar: Martin Hinteregger, 18; 34

Baş hakim: Robert Madden (Şotlandiya)

Zalsburq (Avstriya). “Zalsburq” stadionu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2754
avatar

Oxşar yazılar