“Qarabağ” klubların reytinq siyahısında 6 pillə geriləyib
23 oktyabr 2015 13:01 (UTC +04:00)

“Qarabağ” klubların reytinq siyahısında 6 pillə geriləyib

0

Avrokubokların qrup mərhələsinin III turunun oyunlarından sonra UEFA klubların reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, cədvəldə Azərbaycanın 7 klubu da yer alıb.

 

Təmsilçilərimiz arasında ən yaxşı nəticə “Qarabağ”a məxsusdu. Avropa Liqasının qrup mərhələsinin III turunda “Monako”ya 0:1 hesabı ilə uduzan ağdamlıların hesabındakı 12,3750 xal dəyişməz qalıb.

 

Nəticədə 6 pillə geriləyən Qurban Qurbanovun yetirmələri 135-ci yerə düşüb.

 

9,6250 xalı olan “Neftçi” mövqeyini 1 pillə itirib. Bakılılar artıq Avropanın 163-cüsüdü. Eyni qədər geriləyən “İnter” 5,3750 xalla 249-cudu.

 

Avrokuboklarda mübarizəni davam etdirən digər komandamız “Qəbələ” Avropa Liqasının qrup mərhələsinin III turunun “Borussiya” (Dortmund, Almaniya) ilə oyununda 1:3 hesabı ilə uduzsa da, mövqeyini qoruyub. 5,1250 xala malik “qırmızı-qaralar” 254-cü yerdə qərarlaşıb.

 

Digər klublarımızdan “Xəzər Lənkəran” (4,3750) 285-ci, “Bakı” ilə AZAL (hər ikisi 3,1250) 334-cüdü.

 

Təmsilçilərimizin Avropa Liqasındakı rəqiblərindən Almaniya “Borussiya”sı (Dortmund) 96,0350 xalla 9-cu, İngiltərə “Tottenhem”i (63,4560) 24-cü, Belçika “Anderlext”i (45,1200) 37-ci, Fransa “Monako” (34,4490) 56-cı, Yunanıstan PAOK-u (34,1600) 57-ci, Rusiya “Krasnodar”ı (17,1360) 101-ci pillədədi.

 

Qeyd edək ki, siyahıya 148,8280 xala malik İspaniya “Real”ı (Madrid) başçılıq edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 405

Oxşar yazılar