AFFA İntizam Komitəsi Topaz Premyer Liqasında XXII turun “Qarabağ” - “İnter” matçından sonra baş vermiş olaylarla bağlı sərt cəzalar kəsib. Lent.az-ın məlumatına görə, stadionda baş vermiş intizamsızlıq üzündən “Qarabağ” 8 min manat cərimələnib.
Kluba daha 5000 manat cərimə ictimai asayişin təmin olunmaması səbəbindən kəsilib. Üstəlik, Ağdam təmsilçisi Premyer Liqada növbəti ev oyununu azarkeşsiz keçirməyə məhkum olunub. “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze mətbuat konfransına gəlmədiyi üçün 1000 manat cərimələnib. Topaz Premyer Liqası və I divizion klublarına oyunlar zamanı təhlükəsizliyi maksimum dərəcədə təmin etmək tapşırılıb.
Qeyd edək ki, 0:0 hesabı ilə nəticələnən görüşdən sonra Tofiq Bəhramov adına Respublika stadionunun dəhlizində insident baş verib. İnsident polis tərəfindən aradan qaldırılıb.