“Neftçi” klubunun futbolçusu Cavid İmamverdiyev Ukraynanın paytaxtı Kiyevə yollanıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, gənc hücumçu tibbi baxışdan keçdikdən sonra Kiyev “Dinamo”sunun heyətində tanışlıq məqsədli məşqlərdə iştirak edəcək.
Xəbərdə bildirilir ki, İmamverdiyev Artyom Milevskiy, Yussuf və digər futbolçuların yer aldığı komanda ilə birgə məşq edəcək.
Hazırda “Dinamo”nun əsas heyəti İspaniyanın Marbelya şəhərində təlim-məşq toplantısındadır. Milevski və Yussuf isə “Dinamo-2”nin heyətində Oleq Makarovun xatirəsinə Kiyevdə keçirilən turnirdə iştirak edirlər. Bu isə o deməkdir ki, İmamverdiyev “Dinamo”nun əsas yox, əvəzedici komandasının düşərgəsinə yollanıb. “Neftçi”nin rəsmi saytında bu, etiraf edilməsə də, hazırda iki klub arasında danışıqların davam etdiyi bildirilib.