Topaz Premyer Liqasında çıxış edən daha 3 kluba idman direktoru təyin olunub. Lent.az-ın məlumatına görə, aprelin 7-də Yan Versleyyen (Hollandiya) "Neftçi", Peter Nöstadter (Almaniya) "Rəvan" klubuna təqdim olunub.
Daha bir hollandiyalı mütəxəssis Yon van Loen isə bu həftə "Qarabağ"ın idman direktoru vəzifəsində fəaliyyətə başlayacaq.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin 2013-cü il dekabrın 18-də keçirilmiş iclasında qəbul olunmuş qərarlardan biri də Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunması idi. Fevralın 1-dən Daril Villard (İngiltərə) "AZAL", Frank Bernhardt (Almaniya) "Sumqayıt", mart ayından isə Spittler Torsten (Almaniya) "İnter" klubunda AFFA tərəfindən təyin olunan idman direktoru vəzifəsində fəaliyyətə başlayıb. "Qəbələ" klubunda isə Stanley Brard (Hollandiya) idman direktoru kimi işini davam etdirir. Onların məvacibi AFFA-nın hesabına ödənilir. Klublarda bu istiqamətdə görülən işlərin AFFA tərəfindən monitorinqi aparılacaq və bunun nəticəsinə əsasən klublara vəsait ayrılacaq.