Türkiyənin Antalya şəhərində hazırlığını davam etdirən “Neftçi” futbol klubu fiziki hazırlıq üzrə mütəxəssis, ispaniyalı Ruben Seleş Kastellonu düşərgəsinə dəvət edib. Lent.az-ın məlumatına görə, UEFA Pro kateqoriyalı Seleş “Barselona” klubunun “Master” diplomuna layiq görülüb.
Peşəkar məşqçi karyerasına 2008-ci ildə başlamış məşqçi İspaniyanın “Valensiya, “Vilyareal” və Yunanıstanın “Aris”, “Asteras” kimi klublarında çalışıb. O, artıq komanda heyətinə təqdim olunub.
Məşqdən sonra ispaniyalı mütəxəssis fikirlərini klubun rəsmi saytına danışıb: “Mənə dəvət gələn kimi “Neftçi” haqqında ətraflı məlumat topladım. Bilirdim ki, bu klubun böyük tarixi var və “Neftçi” hər zaman iddialı olub. Bu mövsüm komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Avropada öz söz etdirib. Son iki mövsümdə çempion olmuş komanda üçün titulu qorumaq çox vacibdir. “Neftçi” rəhbərliyi ilə söhbətimdə komanda qarşısına qoyulan məqsədlərlə tanış oldum. Komandanın baş məşqçisi Böyükağa Hacıyevlə tanış oldum və o mənə öz məsləhətlərini və tövsiyələrini verdi. İlk məşqdə hiss etdim ki, düşərgədə əla ab-hava var. Belə bir mühitdə və şəraitdə işləmək yalnız zövq verə bilər. Gənc olmağıma baxmayaraq, Avropanın bir sıra ölkələrində çalışmışam və müəyyən təcrübə toplamışam. Əminəm ki, hazırlıq müddəti başa çatana kimi futbolçularımız çempionat oyunlarına tam hazır olacaqlar və klub rəhbərliyi və rəhbərliyin etimadını doğruldacağıma əminəm”.
Qeyd edək ki, daha öncə “Xəzər Lənkəran” ispaniyalı Karles Bakesi baş məşqçi postuna gətirib.