“Nazir tapşırır, amma direktor bizi idman kompleksinə buraxmır” – MÜSAHİBƏ
26 aprel 2013 11:39 (UTC +04:00)

“Nazir tapşırır, amma direktor bizi idman kompleksinə buraxmır” – MÜSAHİBƏ

Azərbaycan Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Fuad Quliyevin Lent.az-a müsahibəsi

 

 

- Artıq 2014-cü il Soçi Qış Olimpiya Oyunlarına Azərbaycanın 4 idmançısı lisenziya qazanıb. Ümumiyyətlə,  neçə vəsiqə planlaşdırırsınız?

 

- 2010-cu il Vankuver Qış Olimpiya Oyunlarına 2 idmançı ilə yollanmışdıq. İndi isə 4 idmançımız lisenziyanı təmin edib. Bunlar dağ xizəkçiliyinin nəhəng slalom növündə Sedrik Notz və Patrik Braxner, eləcə də fiqurlu konkisürmənin idman rəqsləri üzrə Yuliya Zlobina - Aleksey Sitnikov duetidir. Amma yenə vəsiqə şanslarımız var. Fiqurlu konkisürmənin idman cütlüyündə yer alan 2 idmançımızdan lisenziyalar gözləyirik. Filip Tarasov - Argelina Yekaterinina da olimpiadaya lisenziya şansı var. Bu cütlük sentyabrın sonlarında Almaniyada keçiriləcək turnirdə vəsiqə qazana bilər.

 

- Başqa namizəd idmançı yoxdur?

 

- Fiqurlu konkisürmə növündə fərdi yarışlar üzrə bir yeniyetmə idmançımız var. Lakin onun üçün hələ tezdir. Cəmi 14 yaşındadır. Adını gizli saxlayırıq, çünki bizim “kozır kartı”mızdır. Onu tezliklə “Qran-pri”də sınayacağıq.

 

- Hazırda Azərbaycanda qış idman növlərinin vəziyyəti necədir?

 

- Azərbaycan - buz meydançasının olmadığı yeganə ölkədir. Hətta Mərakeş, CAR, Meksika, Monqolustan kimi isti ölkələrdə də var. Hazırda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində konkisürmə növləri aktiv inkişaf etdirilir. İranda var. Hələ mən qonşu Gürcüstanı demirəm: Batumidə 3 standart buz meydançası mövcuddur. Digər adını çəkmədiyim qonşu ölkədə də var. Rusiyada elə bir şəhər yoxdur ki, belə meydança olmasın. Amma bizdə neçə illərdir ki, buz meydançası sarıdan problemlər var. Heç kimi ittiham etmək istəmirəm. Lakin fakt faktdır.

 

- Federasiya səviyyəsində bu barədə məsələ qaldırmısınız?

 

- Bu problemlər hər il qaldırılır. Lakin həll olunmur. Problem yeganədir: Heydər Əliyev adına İdman Konsert Kompleksinin direktoru Rafiq Behbutov deyir ki, buz meydançası qura bilməz, çox bahalıdır, maddi baxımdan sərfəli deyil. Biz ona federasiyamız hesabımıza buz döşəməyi təklif etdik. Əsas məqsədimiz bu növü Azərbaycanda inkişaf etdirməkdən ibarət idi. Bilirsiniz, legionerlər, kənardan şou üçün idmançıların dəvət edilməsi çox yaxşıdır. Lakin özümüzünkülər məşğul olmayanadək, ölkəmizi əliyevlər, quliyevlər, məmmədovlar təmsil etməyənədək inkişaf olmayacaq. Ola bilsin, müəyyən vaxtadək nəticələr əldə ediləcək. Lakin inkişaf istəyiriksə, bizə öz uşaqlarımız lazımdır. Azərbaycanı bizim uşaqlar təmsil etməlidirlər.     

 

- Behbutov nəyə görə icazə vermir?

 

- O, buz meydançasının yerində basketbol akademiyası qurub. Buzun əvəzinə parket döşəyib. Halbuki biz buz meydançasını saxlamaq üçün sponsor da tapmışdıq. Amma yenə də bizi buraxmadı. Deyə bilmərəm ki, bu, fiqurlu konkisürməyə qarşı şəxsi incikliyindən irəli gəlir. Amma o, konkret olaraq, bizi ora buraxmır. Basketbol akademiyasının fəaliyyət göstərdiyi yer buz meydançası üçündür. Bu, dünya standartlarına uyğun - 60X30 metr ölçüdə salınıb və məşq üçün nəzərdə tutulub. Hətta bir neçə il öncə buz şousunu təşkil etdiyimiz böyük arena da bu ölçüdədir. Sadəcə, buz meydançası kimi istifadə olunmur. Behbutov üçün münasib deyil. Bilmirəm nəyə görə...

 

- Bəs Gənclər və İdman Nazirliyindən nə deyirlər?

 

- Nazir Azad Rəhimov ötən il mənə göstəriş verdi ki, kompleksə gedim və orada nələr etməyin mümkünlüyünü nəzərdən keçirim. Lakin Behbutov konkret dedi ki, ona buz meydançası lazım deyil. Bu problem belə də qaldı. Artıq 10 ilə yaxındır ki, federasiyada çalışıram və görürəm ki, eyni problemin həlli ildən-ilə beləcə uzanır. Yenə deyirəm, yalnız Azərbaycanda buz meydançası yoxdur. 2 il öncə Beynəlxalq Konkisürmə İttifaqının (ISU) prezidenti Ottavio Çinkvanta bizimlə dostluq əlaqələri olduğu üçün Bakıya səfərə gəlmişdi. Ona vəd verdik ki, bizdə bu növ də inkişaf etdiriləcək, öz buz meydançamız olacaq. Buz meydançası üçün nəzərdə tutulan kompleksi göstərdik və dedik ki, yalnız texniki avadanlığımız yoxdur, tezliklə onu da qoyacağıq. Lakin üstündən 2 il ötməsinə baxmayaraq, vədimiz əvvəlki kimi qalır.

 

- Vəziyyət belə davam etsə, AKF İSU-dan xaric oluna bilər?

 

- Bəli. Belə davam edərsə, İSU-nun 2014-cü ilin yayında İrlandiyanın paytaxtı Dublində keçiriləcək konqresində Azərbaycanın üzvlükdən xaric olunmasına dair qərar çıxaracaqlar. İdman Konsert Kompleksində buz meydançasını quraşdırmaq elə də böyük vəsait tələb etmir. Çünki həmin avadanlıqlar da hazırdır. Hətta basketbol meydançası qurmaqdan da ucuz başa gələr. Orada soyuducu qurğu, bortlar, bir sözlə, hər şey var. O kompleks məhz fiqurlu konkisürmə, buzüstü hokkey üçün salınmışdı. Lakin bu idman növü direktor Rafiq Behbutovun xoşuna gəlmir.

 

- Yəni, ISU da Azərbaycanda konkisürmə növlərinin inkişafı üçün şəraitin yaradılmasını tələb edir?

 

- Bəli. Bizim öz idmançılarımız da, beynəlxalq dərəcəli hakimlərimiz də, texniki mütəxəssislərimiz də var. Onlar ölkəmizi beynəlxalq yarışlarda, o cümlədən, olimpiadalarda təmsil edirlər. Yalnız buz meydançamız yoxdur.

 

- İdmançı dedikdə, yalnız legionerləri nəzərdə tutursunuz?

- Bəli. Amma Kanadada yaşayan əslən azərbaycanlı qız idmançı da var. Bu, Gülnar Məmmədovadır. Valideynləri vaxtilə Kanadaya köçüblər. Onlar ölkəmizə qayıdaraq, qızlarının Azərbaycanı təmsil etmək istəyirlər. Lakin bizim şəraitimiz yoxdur. Azərbaycanı yüksək səviyyədə təmsil edən yeganə duetimiz, Setnikov-Zlobina cütlüyü federasiya hesabına saxlanılır. Onlar hələlik Moskvada qalırlar, Rusiya paytaxtında məşq edirlər. Maaşları, təlim-məşq toplantıları da federasiya hesabınadır.

- Bəs qalan idmançılar?

- Fərdi konkidə yer alan idmançımız yüksək nailiyyət əldə edənədək öz hesabına çalışacaq. Digər cütlüyümüzün xərclərinin bir hissəsini isə federasiyamız çəkir. Onlar da lisenziya qazansalar, tam bizim hesabımıza keçəcəklər.

 

- Siz həm də Azərbaycan Xizəksürmə İdmanı Federasiyasının vitse-prezidentisiniz. Qusarda tikilən dağ xizəkçiliyi kompleksindən xizəksürənlərimiz yararlana bilirlər?

 

- Xeyr, ora sırf turizm kompleksidir. Nəhəng slalom növündə Soçi olimpiadasına lisenziya qazanan xizəkçilərimiz üçün orada şərait yoxdur. Həmin kompleksdə məşq texniki cəhətdən mümkün deyil. Onlar lisenziyanı böyük enişi olan dağla yürüşdə qazanıblar. Azərbaycanda isə belə şəraitə malik kompleks yoxdur.

 

- Elə isə Notz və Braxner Soçi olimpiadasına harada hazırlaşacaq?

 

- Avstriyada. Əvvəllər Notz Bakıda şirkətlərdən birində çalışırdı. Dağ xizəkçiliyi onun hobbisi idi. 2010-cu ildə Vankuver Qış Olimpiya Oyunlarında da mübarizə aparmışdı. İndi bu idmançı Soçi olimpiadasına səylə hazırlaşır. Çəki salıb, məşqlərini gücləndirib, federasiyamız da ona lazımi səviyyədə qayğı göstərir.

 

- Daha hansı qış idman növləri üzrə idmançılarımız var?

 

- Biz Latviyadan Layma Quntars adlı bobsleyçi dəvət etmişdik. O, ötən il Azərbaycanı təmsil etdi. Yaxşı nəticə də göstərdi. Bobsley çoxlu vəsait tələb edir. Bizdə isə bu növə kapital qoyuluşu az oldu. İlə 180 min avro lazım idi ki, bob alaq, yarışlara, təlim-məşq toplantılarına yollana bilək və s. Lakin bu qədər vəsaitimiz olmadığından, imtina etdik. Əgər şərait yoxdursa, 150 idmançını almağın mənası nədir? İstənilən növdə, lap elə futbolda uşaqlar yetişməlidirlər. Əks halda, Messi də Azərbaycan futboluna kömək edə bilməz. Dünya səviyyəli 5-6 futbolçunun da yardımçı olması mümkün deyil. Digər növlərdə də belədir. Uşaqlar kütləvi şəkildə idmanın hər hansı növü ilə məşğul olmasalar, inkişaf əldə edilməyəcək.   

 

- Ümumiyyətlə, qış idman növlərinin Azərbaycanda perspektivi var?

 

- Biz gənc ölkəyik. Perspektiv hər sahədə var. Sadəcə, kobud desək, fiqurlu konkisürmə bizim üçün yay idman növüdür. Çünki buzumuz, qarımız yoxdur. Lakin biz inkişaf edirik. Ümidvaram ki, bizə də vədə yetişəcək. Bir daha Azərbaycanda fiqurlu konkisürmənin inkişafını arzulayıram. Çoxlu idmançılarımızın olmasını istərdim ki, hər yerdə ölkəmizi təmsil edə bilsinlər. Hətta Azərbaycanda qış təlim-məşq toplantıları keçirmək imkanını olmasını diləyirəm. Özümüzdə şərait olduğu halda, nəyə görə ABŞ-a toplanışa yollanmalıyıq. Gürcüstana dünyanın hər yerindən konkisürənlər dəvət edirlər, biz isə Amerikaya gedirik.

# 1074
avatar

Oxşar yazılar

Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25
Xavi "Barselona"dan göndərildi:  Qərar verildi

Xavi "Barselona"dan göndərildi: Qərar verildi

17 may 2024 , 14:56
Suares “İnter Mayami”də Messidən 14 dəfə az   qazanır

Suares “İnter Mayami”də Messidən 14 dəfə az qazanır

17 may 2024 , 13:02
İlin ən çox qazanan  futbolçusu bəlli oldu

İlin ən çox qazanan futbolçusu bəlli oldu

17 may 2024 , 09:57
Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI

Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI

17 may 2024 , 05:50