İngiltərə “Mançester Yunayted”inin futbolçusu Rayan Giqqz komanda ilə müqaviləsini 2014-cü ilin iyununadək uzadıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni anlaşma müddəti başa çatdığı vaxt təcrübəli yarımmüdafiəçi 41 yaş ərəfəsində olacaq.
Qeyd edək ki, Rayan Giqqz 29 noyabr 1973-cü ildə anadan olub. 2013-2014-cü il uelsli oyunçunun karyerasında 23-cü mövsüm olacaq. O, bütün karyerasını “Mançester Yunayted”də keçirib. Futbolçu əsas heyətdə 2 mart 1991-ci ildə debüt edib. O vaxtdan Giqqz “qırmızı şeytanlar”ın heyətində 931 oyuna 168 qol vurub, 12 dəfə İngiltərə çempionluğu, 4 dəfə İngiltərə Kuboku və Liqa Kubokunu qazanıb. Təcrübəli yarımmüdafiəçi 1999 və 2008-ci illərdə Çempionlar Liqasının qalibi olub. Bu mövsüm isə Giqqz 19 oyuna 4 qol vurub.