Bakının “İnter” Peşəkar İdman Klubunun prezidenti Georgi Nikolov “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla görüşüb. Bu barədə Lent.az-a Nikolovun özü məlumat verib.
O bildirib ki, görüşdə hazırda Dərnəgül şossesi ilə Babək prospektini birləşdirən yolun “Şəfa” stadionu yaxınlığından keçən hissəsinin arenanın fəaliyyətinə problemlər yaradacağını Qurbanovun diqqətinə çatdırıb. “Azəryolservis”in rəhbəri tikinti zamanı qeyd olunan məqamları nəzərə alacaqlarına söz verib.
Yaranmış problemlə bağlı daha bir görüş “İnter”in fəxri prezidenti Cahangir Hacıyevin rəhbərlik etdiyi Azərbaycan Beynəlxalq Bankının (İBA) rəsmiləri ilə Nəqliyyat Nazirliyinin rəhbər şəxsləri arasında olub. Nikolovun sözlərinə görə, nazirlik rəsmiləri layihənin əvvəlki qaydada həyata keçirilməsini istəsələr də, bu variant “Şəfa” rəhbərliyini heç cür qane etmir. O səbəbdən, diskussiya açıq qalır: “Çox güman ki, “İnter”in də lehinə qərar qəbul olunacaq. Yol elə salınacaq ki, heç kimə, xüsusən də stadionun fəaliyyətinə əngəl törətməsin. Amma hələ ki məsələ açıq qalır. Fikrincə, problem ən yüksək səviyyədə qaldırıla bilər. Mən Nəqliyyat Nazirliyini də başa düşürəm. Onların müəyyən büdcəsi var və tikinti zamanı ondan kənara çıxa bilməzlər. Amma büdcəni artırsalar, təkcə bizim yox, hamının lehinə olan yol inşa edə bilərlər”.
“Şəfa” stadionunun beynəlxalq sertifikata malik olduğunu xatırladan Nikolov bu arenada təkcə daxili yarışların yox, Avrokubok matçlarının keçirildiyini vurğulayıb. Eyni zamanda, 2016-cı ildə 17 yaşadək futbolçular arasında Avropa çempionatının oyunları bu stadionda da baş tutacaq. Ona görə də belə stadion müəyyən tələblərə cavab verməlidir.
Qeyd edək ki, hazırda Dərnəgül şossesi ilə Babək prospektini birləşdirən yolun inşası gedir. Plana əsasən, həmin yol “Şəfa” stadionunun yanından keçməlidir. Bu zaman arena infrastrukturundan – avtomobil dayanacaqlarından, stadiona yanğınsöndürən maşınların gəlişindən və digər xidmətlərdən məhrum olur. “İnter” yolun stadionun yanından keçən hissəsinin örtülü olmasını istəyir.