“Futbolçu üçün 4 gündən bir oynamaq yaxşıdır” - MÜSAHİBƏ
28 fevral 2013 18:53 (UTC +04:00)

“Futbolçu üçün 4 gündən bir oynamaq yaxşıdır” - MÜSAHİBƏ

Bakı “İnter”inin futbolçusu Baçana Tsxadadze klubun rəsmi saytına müsahibə verib. Lent. az həmin müsahibəni təqdim edir...

 

-  Ötən həftəsonu “İnter “in Topaz Premyer Liqasında “Neftçi” ilə qarşılaşması uğursuz oldu.  Psixoloji planda bu oyunu unutmaq və Azərbaycan Kubokunda “Bakı” ilə oyuna köklənmək çətin deyildi?

 

- Etiraf edim ki, “Neftçi”dən sonra bizim üçün kifayət qədər çətin idi. Biz bu görüşü tezliklə unutmağa çalışdıq, “Bakı” ilə oyunun ilk dəqiqələrindən etibarən həmin qarşılaşmanı artıq unutmuşduq. Komanda oyuna inamla başladı və həmin uğursuzluğu tamamilə unutdu. 

 

- Azərbaycan Kubokunda “Bakı” ilə ilk ¼ final matçı barədə nə deyə bilərsiniz?

 

- Ola bilər, biz səfər oyun modelini seçdik, ancaq etiraf etmək lazımdır ki, hücumda kifayət qədər inamlı təsir bağışladıq. Belə düzülüşdə hücumçularımız özlərini daha rahat hiss edirlər və bizə arxada çox işləmək lazım gəlmir. Belə düzülüş özünü tam doğrultdu. Bəli, son dəqiqələrdə məyusedici qol buraxdıq, amma ümumilikdə hesab edirəm ki, biz oyunun gedişinə nəzarət edirdik. Düşünürəm ki, doğru seçilmiş taktiki sxemin oyunumuzda böyük rolu oldu. Demək istəyirəm ki, biz çox güclü rəqibə qarşı oynayırdıq.

 

- “Şəfa” stadionunda keçiriləcək cavab qarşılaşması ərəfəsində 1:1 hesabı “İnter” üçün daha yaxşı görünür. Faiz nisbətində komandaların şanslarını necə qiymətləndirərdiniz?

 

- Düşünürəm ki, şanlar təqribən bərabərdir. Mən deyərdim ki, 60 faizin 40 faizə “İnter”in xeyrinədir. Lakin öncədən özünə qürrələnərək sağa-sola bəyanat səpələməyə dəyməz, axı “Bakı” çox güclü rəqibdir və bu komandada yaxşı legionerlər və güclü yerli futbolçular var. Onlar sonadək mübarizə aparacaqlar. Cavab görüşünə yaxşı hazırlaşmalıyıq və diqqətimizi maksimum dərəcədə cəmləşdirməliyik. Düşünürəm ki, ötən nəticəni nəzərə almadan meydançaya çıxmalıyıq. Əgər komanda fevralın 27-də göstərdiyi oyunu nümayiş etdirərsə, o zaman işlərimiz yaxşı gedəcək. 

 

- Bəs “İnter”in ölkə kubokundakı şanslarını necə dəyərləndirərdiniz?

 

- Bu, mənim “İnter”də artıq üçüncü mövsümümdür və xatırlayıram ki, 2011-ci ildə kubokun finalında “Xəzər-Lənkəran” komandasına məğlub olduq. Ötən il mübarizəni yarımfinalda dayandırdıq. Çox ümid edirəm ki, bu mövsüm kuboku qazanmaq bizə müyəssər olacaq. Etiraf edirəm ki, kubokda, xüsusilə də stadiona daha çox azarkeşin gəldiyi final mərhələsində oynamaq çox maraqlıdır. Çempionat bir qədər başqa mövzudur, orada mübarizə təqvim ili ərzində gedir, kubok isə digər planda keçirilən oyundur. Bir çox ölkələrdə lider-komandalar kubok oyunlarına ehtiyat heyətləri çıxarırlar, ancaq Azərbaycan Kubokunda bütün komandalar əsas heyətlərlə oynayır. Bu, kubok yarışını bütün klublar üçün çox cəlbedici edir. 

 

- “İnter” ötən şənbə “Neftçi” ilə qarşılaşdı, artıq çərşənbə günü “Bakı” ilə kubok matçında üz-üzə gəldi. Bazar günü isə çempionat oyunları çərçivəsində “Qarabağ”la matç var. Dörd gündən bir meydançaya çıxmaq çətin deyil? Belə qrafik futbolçularda problemlər yaratmır?

 

- Fikrimcə, oyun qrafiki məhz belə olmalıdır. Bu, futbolçular üçün ideal qrafikdir. Ancaq qeyd etməyə dəyər ki, qış fasiləsindən sonra çempionatda keçirilən dörd oyunun hamısını bizim birbaşa rəqiblərimiz olan güclü komandalara qarşı keçirmişik. Demək olar ki, bizim üçün “altılıq”, digərlərindən əvvəl - hələ “Xəzər-Lənkəran”la matçla başlamışdı. Ancaq bu, bizim vəziyyətimizi çətinləşdirir, onsuz da belə qrafik kifayət qədər doğru görünür. Dörd gündən bir oynamaq futbolçu üçün yaxşıdır: az məşq, daha çox oyun (gülür).

 

- “Qarabağ”la oyun barədə nə deyə bilərsiniz?

 

- “Qarabağ”la oynamaq həmişə çətin və maraqlıdır. Bu komanda, bizim kimi, ötürmələrlə kombinasiyalı futbol oynayır. Düşünürəm ki, oyun maraqlı və baxımlı alınacaq. Bizə bu oyuna maksimal dərəcədə diqqəti cəmləşdirərək yanaşmaq lazımdır. Bütün futbolçular məşqçinin tapşırıqlarını yerinə yetirməlidirlər, ancaq o zaman bu görüşü maksimal sayda xalla başa vura bilərik. 

 

- Maraqlıdır ki, “İnter”in “Qarabağ” üzərində son qələbəsi 2010-cu ilə təsadüf edir. Yəni təqribən üç ildir komandamız Ağdam klubunu məğlub edə bilmir.

 

- Bu barədə düşünməyə dəyməz. Elə oynamaq lazımdır, sanki “Qarabağ”la ilk dəfədir qarşılaşırıq. Diqqəti bu statistika üzərində cəmləşdirmək lazım deyil. Öz oyunumuzu sərgiləməliyik. Yalnız bu halda biz lazım olan nəticəni əldə edə biləcəyik.

# 692
avatar

Oxşar yazılar