İdman Araşdırmalar Mərkəzinin (İAM) Topaz Premyer Liqası, I divizion və Azərbaycan Kubokunun yeni formatı üçün təkliflərinə jurnalistlər reaksiya veriblər. Lent.az-ın məlumatına görə, “APA Holding”də keçirilən tədbirdə bəzi həmkarlarımız I diviziondan Premyer Liqada oynamağa qadir komandanın olmadığını iddia ediblər.
İAM sədri Elşən Məmmədov isə bunun mümkünlüyünü vurğulayıb: “Üzvlük haqqı, cərimələr və ya legionerlər üçün tutulan rüsumlardan ən azı birini və ya hamısını azaltmaqla I divizion komandalarının da Premyer Liqada oynamasını təmin etmək olar. Məsələn, Premyer Liqada ən aşağı cərimə 200 manatdır. I divizionda isə bu məbləğ 20 manat müəyyənləşdirilib. Hamı bilir ki, hətta Premyer Liqadakı komandaların heç də hamısı yüksək məbləğdə maliyyə öhdəliklərini yerinə yetirməyə qadir deyil. Bu səbəbdən, onların ödənişlərindən ən azı birinin azaldılması təmin edilməlidir”.
E.Məmmədov bildirib ki, Azərbaycanın iqtisadi imkanları da Premyer Liqada daha çox komandanın oynamasına imkan verir. Baxmayaraq ki, hazırkı mövsüm Premyer Liqada final mərhələsi başlamamış aşağı dəstəyə enəcək 2 komanda böyük ölçüdə müəyyənləşib. Bunlar “Kəpəz” və mövsümün sonunda elitada oynamayacağını açıqlayan “Rəvan”dır. İAM sədri hazırkı şəraitdə Premyer Liqanın “Bakının açıq çempionatı”na bənzədiyini deyib: “Ötən ilin mayında Tiflisə gedib, Gürcüstan futbolu barədə yazılar hazırlamışdım. Eyni zamanda Gürcüstan Kubokunun finalını canlı izləmişdim. İqtisadi cəhətdən Azərbaycanın qat-qat geridə qalan Gürcüstan çempionatında da 12 komanda mübarizə aparır. Amma onların 1-i Tiflisi, 1-i paytaxt ətrafı qəsəbəni, qalanları isə bölgələri təmsil edir. Sərgilədikləri futbol isə Azərbaycan komandalarından nəinki geri qalır, hətta bəzi komandalarımızı üstələyir”.
KİV nümayəndələrinin 10 komandanın 4 dövrədə oynaması ilə bağlı təklifini dəstəkləməyən İAM sədri bunun ölkə kuboku ilə uyğun gəlmədiyini bildirib: “Bu sistemlə komandalar 36 çempionat matçı keçirəcək. Kubokda qrup mərhələsinin tətbiq olunacağı halda isə oyun sayı klublarımız üçün yüksək həddə çatacaq. Bu üzdən 10 komandalı sistem düzgün deyil".