Tennis üzrə “Böyük dəbilqə” seriyasından keçirilən Avstraliyanın açıq çempionatında yarımfinalçılar müəyyənləşib. Lent.az-ın məlumatına görə, qadınların fərdi mübarizəsində ¼ final matçında sensasiya baş verib.
ABŞ-ın məşhur tennisçisi Serena Uilyams 19 yaşlı həmyerlisi Sloyan Stivensə uduzub – 6:3, 5:7, 4:6. Stivensin yarımfinalda rəqibi belaruslu Viktoriya Azarenko olacaq. Azarenko ¼ finalda rusiyalı Svetlana Kuznetsovanı üstələyib – 7:5, 6:1. Digər yarımfinal matçında isə çinli Na Li rusiyalı Mariya Şarapovanı sınağa çəkəcək. ¼ finalda Li polşalı Aqnyeşka Radvanskanı 7:5, 6:3, Şarapova isə həmyerlisi Yekaterina Makarovanı yenib – 6:2, 6:2.
Kişilərin fərdi mübarizəsinə gəldikdə, ¼ finalda serbiyalı Novak Cokoviç çexiyalı Tomas Berdıxı udub – 6:1, 4:6, 6:1, 6:4. İspaniyalı David Ferrer həmyerlisi Nikolas Almaqrodan üstün olub – 4:6, 4:6, 7:5, 7:6, 6:2. Böyük britaniyalı Endi Mürrey fransalı Jeremi Şardiyə qalib gəlib – 6:4, 6:1, 6:2. İsveçrəli Roje Federer isə fransalı Jo-Vilfrid Tsonqanı yenib – 7:6, 4:6, 7:6, 3:6, 6:3. Yarımfinalda Cokoviç Ferreri, Federer isə Mürreyi sınağa çəkəcək.
Qeyd edək ki, turnirə yanvarın 27-də yekun vurulacaq.