“Bizə süni şəkildə problem yaradılır”-  MÜSAHİBƏ
10 fevral 2013 04:41 (UTC +04:00)

“Bizə süni şəkildə problem yaradılır”- MÜSAHİBƏ

 Zeynal Məmmədov: “Əvvəllər daha çox borclu olduğumuz halda, belə olmamışdı”

 

“Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədovun Lent.az-a müsahibəsi

 

- Bu yaxınlarda Avropa Klubları Assosiasiyasının (ECA) Qətərin paytaxtı Dohada keçirilmiş toplantısında iştirak etdiniz. Səfər öncədi Portuqaliyanın “Portu” klubu ilə əməkdaşlıq məsələlərini müzakirə edəcəyinizi demişdiniz. Bu məsələ həllini tapdı?

 

- Klubumuzun prezidenti Hafiz Məmmədovun tapşırığı əsasında Portuqaliyanın “Portu” klubu ilə əməkdaşlıq məsələlərini müzakirə etdik. Klubun baş meneceri, ECA İcraiyyə Komitəsinin üzvü Dioqo Brandaonu Bakıya dəvət etdik. Martın 26-da Azərbaycan və Portuqaliya milli komandaları arasında keçiriləcək 2014-cü il dünya çempionatının seçmə qrup matçı zamanı o, paytaxtımıza təşrif buyuracaq. Brandaonu Portuqaliya nümayəndə heyətinin üzvü kimi deyil, “Bakı”nın qonağı kimi dəvət etmişik. Səfəri zamanı biz “Portu” ilə əməkdaşlıq konsepsiyasına baxacağıq. Çalışacağıq ki, İspaniya “Atletiko”su kimi, “Portu” ilə də uşaq futbolundan tutmuş hər bir sahədə əlaqələrimiz qurulsun.

 

- “Atletiko” ilə əməkdaşlıq müqaviləsi bağladınız. Klubunuzdan kiminsə fərdi qaydada İspaniya klubunun səhmlərinin müəyyən hissəsini almaq niyyəti yoxdur?

Bu barədə informasiyaya malik deyiləm. Klubumuzun prezidenti Hafiz Məmmədov dəqiqliklə izah edə bilər. Amma görülən işlər “Bakı” klubu üçün deyil. “Atletiko”nun formalarında yerləşdirilən “Land of fire Azerbaijan” yazısı Azərbaycanın adı, imici, əsasən beynəlxalq arenada tanınmasından ötrüdür. Futbol – dünyada ən çox sevilən, bir nömrəli idman növüdür. Elə ölkələr var ki, futbol siyasətdən də üstündür. İspaniya kimi ölkələrdə futbolun hansı əhəmiyyətə malik olduğunu hamımız gözəl bilirik. Həmin ölkənin 3 ən güclü klubundan birinin sinəsində Azərbaycanın adının olması həqiqətən də qürurvericidir. Orada “Bakı” klubuna aid heç bir şey yoxdur. Yalnız Azərbaycana məxsus əlamətlər var. Müqavilə hələ 2 il də davam edəcək. İnşallah, “Atletiko” birbaşa Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanar, üzərində “Land of fire Azerbaijan” yazılmış formalarla meydana çıxar. Çempionlar Liqası ən güclü klub turniri, bütün dünyanın seyr etdiyi yarışdır. Fikirləşərəm ki, “Bakı” klubu kimi yox, azərbaycanlı olaraq biz bunun bəhrəsini çox görəcəyik. Klub olaraq, öz üzərimizə düşən işləri yerinə yetirməyə çalışacağıq.

 

- “Portu” formaları üzərində də eyni yazıya rast gələ bilərik?

 

- Bunu da dəqiq deyə bilmərəm. Biz “Portu” ilə əsasən, yazıya görə yox, ilk növbədə, uşaq futbolunun inkişafı üçün əməkdaşlıq etmək niyyətindəyik. Bu məqsədlə “Portu”nun düşərgəsinə istedadlı futbolçularımızı göndərərək, hazırlıq keçmələrini təmin etmək istəyirik. 2016-cı ildə Azərbaycanda 17 yaşadək futbolçular arasında Avropa çempionatı keçiriləcək. Əsas diqqətimiz də qitə birinciliyində ölkəmizin uğurla təmsil olunmasına yönəlib. Düşünürəm ki, həmin çempionatdan sonra Azərbaycan futbolda Avropanın ortababları sırasına daxil olacaq.

 

- Topaz Premyer Liqasında mövsümün ikinci yarısına start verildi. “Bakı”nın turnir cədvəlindəki durumunu necə dəyərləndirirsiniz?

 

- “Bakı”nın turnir cədvəlindəki vəziyyəti ürəkaçan deyil. Hazırda komandamız 10-cu yerdədir. Amma təqvimə nəzər saldıqda, ilk “6-lığ”a düşməyə iddialılar arasında “Bakı”dan şanslısını görmürəm. Bu sözləri futbolçularımızın boşalması üçün demirəm. Komanda ilə görüşdə futbolçulara da izah etdim ki, ilk “6-lıq” uğrunda mübarizədə əsas rəqiblərimiz - AZAL, “Qəbələ” və “Xəzər Lənkəran”dan daha real imkanlara malikik. Təsnifat mərhələsinin sonunadək evdə “Sumqayıt”, AZAL və “Rəvan”la, səfərdə “Simurq”la və təxirə salınmış matçda “Turan”la üz-üzə gələcəyik. “Turan”ı yensək, 6-cı pilləyə xeyli yaxınlaşacağıq.

 

- Rauf Əliyevin “Bakı”ya keçidinin son anadək uzanmasına səbəb nə oldu?

 

- Əvvəlki klubu “Qarabağ”ın direktoru Əmrah Çəlikəl dirənmişdi ki, transfer vərəqini almaq üçün pulu nəğd verməlisən. Mən isə bir ayın ərzində həmin pulu ödəyəcəyimizi bildirirdim. Amma Çəlikəl qətiyyətlə deyirdi: “Pulu nəğd verin, bizə indi lazımdır”. Raufa da zəng edirdilər ki, qayıdırsan “Qarabağ”a. Yəni, bunlar qurulma bir iş idi. Biz indiyədək “Qarabağ”la çox oyunçu alış-verişi etmişik. İndi isə Çəlikəlin bizə qarşı elədiyi hərəkətə anlam verə bilmədim. Məcbur olub “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəllə əlaqə saxladım. Sağ olsun, sözümüzü yerə salmadı, dərhal “qurbandır” söylədi. Tahir bəyin son anda işə qarışması ilə məsələ həllini tapdı.

 

- Əgər “Qarabağ” Rauf Əliyevi transferə çıxarmışdısa, niyə geri qaytarmaq istəyirdi?

 

- Düzü, bilmirəm. Mən də Əmrah bəyin nə etmək istədiyini başa düşməkdə çətinlik çəkirəm.

 

- Bəs transferlərinizi AFFA-da vaxtında qeydiyyatdan keçirməkdə gecikmədiniz?

 

- “Bakı”da 10 ildir çalışıram. İndiyədək AFFA-ya 300 min, 500 min, 850 min, hətta 1 milyon manat borclu qaldığımız vaxtlar olub. Avropa Liqasında iştirakımız qarşılığında bizə UEFA-dan müəyyən məbləğdə vəsait ödənilməlidir. Bu, aprelin sonları - mayın əvvəllərində köçürülməlidir. Həmişə həmin vəsaitlə borcumuzu bağlamışıq. Amma bu dəfə AFFA-dan “Pul elə indi verilməlidir, gözləmirik. Əks halda, yeni transferlərinizə oynamağa icazə verməyəcəyik” deyə qarşımızda şərt qoydular.

 

- Ödəməli olduğunuz vəsaitin məbləği nə qədər idi?

 

- 170 min manatdan bir qədər çox. Ötən mövsüm Azərbaycan Kubokunun qalibi olduğumuz üçün Peşəkar Futbol Liqası bizə 100 min manat mükafat verməlidir. O pulu da çıxanda 70 min manatdan bir qədər çox borcumuz qalırdı. Cəmi 70 min manatın söhbəti gedirdi. Amma əvvəllər daha çox borclu olduğumuz vaxt belə problem yaranmamışdı. Ödəmişdik, heç kəsə borclu qalmamışdıq. Bu dəfə isə bizə problemin süni şəkildə yaradıldığını düşünürəm. Şənbə-bazar günləri bankların bağlı ola biləcəyini deyərək, borcumuzu bazar ertəsi köçürəcəyimizə söz verdim. Amma qətiyyətlə indi ödəməli olduğumuzu dedilər. Biz də məcbur qaldıq və pulu ödədik. Neyləyə bilərik, belə deyirlərsə, eləməliyik... Düşünürəm ki, təkcə “Bakı”ya yox, bütün klublara belə deyilib. Ümid edirəm ki, belə deyilib...

 

- Süni şəkildə problemin yaradılmasını nə ilə izah edə bilərsiniz?

 

- Mənə də çox qaranlıq qaldı. Yəni, “Bakı” oynamasın” deyirlər? Yoxsa “Bakı”nın meydana cansız çıxması üçün belə edirlər? Halbuki, AFFA-nın özü maraqlı olmalıdır ki, Kamran Ağayev, Rauf Əliyev kimi milli komanda üzvləri oynasınlar. Ağayev nə vaxtdır oynamırdı, Əliyev transferə çıxarılmışdı. Biz onları almasaydıq, nə olacaqdı?

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 801
avatar

Oxşar yazılar